“Xəzər Lənkəran” 121-ə çatdı
14.02.2011 - 13:40
“Xəzər Lənkəran” 121-ə çatdı
Azərbaycanın Premyer Liqasının XX turunun “Neftçi” ilə oyununda “Xəzər Lənkəran”ın heyətində 8 futbolçu debüt etdi. Apasport.az saytının məlumatına görə, Simao Bruno, Andrey Mureşan, Adrian Pits, Hristu Kiaku, Adrian Skarlatake, Julius Vobay, Elnur Abdullayev və Aleksandr Pitsurka karyeralarında ilk dəfə cənub təmsilçisinin formasında meydana çıxdılar. Bu, qolsuz bərabərliklə nəticələnən oyunadək klubunun 113 futbolçusuna nəsib olmuşdu. Yəni, debütantlar bu rəqəmi 121-ə çatdırdılar.

Onlardan yalnız Elnur yerli futbolçudur, qalanları legionerlərdir. Bu isə o deməkdir ki, “Xəzər Lənkəran”ın 7 illik tarixində 70 əcnəbi futbolçu onun formasını geyib. Belə ki, “Neftçi” ilə görüşədək 63 legioner bunu bacarmışdı. Oyunda hamıdan gec – 90-cı dəqiqədə meydana çıxan Pitsurka “Xəzər Lənkəran”ın tarixinə yubiley – 70-ci legioner kimi düşdü.

Debütant legionerlərdən 5-i Rumıniyanı, 1-i Portuqaliyanı, 1-i isə Syerra-Leoneni təmsil edir. Afrika ölkəsindən olan Vobay “Xəzər Lənkəran”ın tarixində ilk syerra-leoneli futbolçu oldu. “Xəzər Lənkəran”a indiyədək 25 ölkədən futbolçu gəlmişdi ki, Syerra-Leone 26-cı oldu.

Simao isə Portuqaliyadan gələn 2-ci futbolçudur. Rumıniyalı “5-lik” öz ölkələrini “Xəzər Lənkəran”dakı təmsilçilərinin sayına görə vahid liderliyə yüksəldib. Artıq onların ümumi sayı 14-dür: Rumıniya – 14, Türkiyə - 9, Braziliya – 8, Belarus, Serbiya – hərəsi 5, Bolqarıstan - 4, Albaniya, Gürcüstan, Kolumbiya, Portuqaliya, Litva – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Rusiya, Slovakiya, Argentina, Kosta-Rika, Latviya, Syerra-Leone – hərəsi 1.

Mənbə: lankaranfc.com
0