ŞOK: “Xəzər Lənkəran” Kamran Ağayevi İngiltərə klubuna verməyə hazırdır
15.02.2011 - 13:18
ŞOK: “Xəzər Lənkəran” Kamran Ağayevi İngiltərə klubuna verməyə hazırdır
Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev karyerasını İngiltərədə davam etdirə bilər. Bu haqda apasport.az saytına açıqlamasında futbolçunun müqavilə ilə məxsus olduğu “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov məlumat verib.

O bildirib ki, 25 yaşlı kapitanları ilə bağlı İngiltərə Premyer Liqa təmsilçisindən təklif alıblar: “Kamran tək “Xəzər Lənkəran” yox, Azərbaycan futbolu üçün qiymətli futbolçudur. Bildiyiniz kimi, son illərdə elə də yaxşı perspektivli futbolçu yetişmir. Bu mənada Ağayev son illərdə ən yetişmiş, püxtələşmiş səviyyəli futbolçu, qapıçıdır. “Xəzər Lənkəran” onun qədrini bilir, böyük qiymət verir. Kamranla xaricdən ciddi maraqlanıblar. Hətta onu da deyə bilərəm ki, Ağayevlə İngiltərə Premyer Liqasından maraqlanan klub olub. Danışıqlar gedir. Ola bilər ki, Kamran 6 ay, yaxud 1 ildən sonra getsin. Bunu zaman göstərəcək. Biz də istəmərik ki, qapıçımız xaricə gedib, ehtiyatda oturub, vaxtını keçirsin. Ağayevi xarici klubun əsas heyətində aparıcı qapıçı kimi görmək istəyirik”.

Bununla belə Nadirov Ağayevlə konkret hansı klubun maraqlandığını açıqlamadı: “Bunu deyə bilmərəm. Ancaq rəsmi təklifdir. Onların nümayəndələri həm Kamranla, həm də bizimlə görüşüblər. İnşallah, reallaşar. Kamranla yetərincə maraqlananlar var. Məqsədimiz pul naminə, nəyin bahasına olursa-olsun Ağayevin transfer hüquqlarını kiməsə satmaq yox, bundan sonra daha yuxarı səviyyədə oynamasıdır”.

Qeyd edək ki, Kamran indiyə kimi legioner həyatı yaşamayıb.

Mehman SÜLEYMANOV
0