“Onu komandamızın sifariş vərəqəsinə daxil etmək olmaz”
16.02.2011 - 11:16
“Onu komandamızın sifariş vərəqəsinə daxil etmək olmaz”
“Yeni qapıçımız Yevgeni Kopilin adının “Neftçi” ilə oyunun protokolunda olmamağı transfer vərəqəsinin gəlməməyi ilə bağlı deyil. Onun transfer vərəqi ötən şənbə gəldi. Kopil artıq bizim futbolçudur və onun adını sifariş vərəqəmizə daxil etmişik”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

Lənkəranlıların son transferi olan 24 yaşlı qapıçı Yevgeni Kopil Ukraynanın ən titullu komandası olan Kiyev “Dinamo”sunun yetirməsidir. Karyerası ərzində “Dinamo”nun ayrı-ayrı yaş qruplarında forma geyən Kopil Polşada legioner həyatı da yaşayıb. Belə ki, Sosnoviek və Lyubini təmsil edən “Zaqlebiye” klublarının formasını geyib.

“Xəzər Lənkəran”a yenicə qoşulan Yevgeninin ötən tur “Neftçi” ilə qolsuz bərabərliklə nəticələnən oyunda qapıda duracağı real görünməsə də, ehtiyatda da olmamağı diqqəti çəkdi. Belə düşünmək olardı ki, ukraynalını transfer vərəqi yubandığından, derbiyə sifariş edə bilməyiblər. Ancaq bunun belə olmadığını deyən Nadirov seçimi rumıniyalı baş məşqçisi Mirça Rednikin öhdəsinə buraxıb: “Kopili “Neftçi” ilə oyunun iştirak ərizəsinə daxil etməmək baş məşqçinin işidir. Hər halda, nəyisə bilərək, belə qərar çıxarıb. Bildiyiniz kimi, yeni gəlib, komanda ilə məşq etməyib. Belə olan halda, Kopili nəyin bahasına olursa-olsun, sifariş vərəqəsinə daxil etmək olmaz. Bu adam hələ bir neçə gündür Azərbaycana gəlib, komanda ilə heç bir dəfə olsun məşq etməyib”.

Mehman SÜLEYMANOV