“Şaxtyor”dan sensasion, “Arsenal”dan əzmkar qələbə!
17.02.2011 - 01:35
“Şaxtyor”dan sensasion, “Arsenal”dan əzmkar qələbə!
UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha 2 qarşılaşması keçirilib. Apasport.az saytının məlumatına görə, Roma və Londonda baş tutan oyunlarla bu həftəyə nəzərdə tutulan görüşlər yekunlaşıb.

Gecənin ən qollu görüşü Romada oynanılıb. “Şaxtyor”la qarşılaşmada “Roma” favorit sayılsa da, məğlubiyyətdən qaça bilməyib. Hərçənd, hesabı meydan sahibləri açsa da, italiyalıların qol sevinci cəmi 1 dəqiqə çəkib. 28-ci dəqiqədə Perrotanın qoluna tezliklə Jadson cavab verib. “Şaxtyor” fasiləyədək Kosta və Adrianunun sayəsində daha 2 qol vuraraq, rəqibini çətin vəziyyətə salıb. İkinci 45 dəqiqədə isə “Roma” Menezlə fərqi azaltsa da, Donetsk təmsilçisi sensasion qələbə qazanıb.

Londonda isə “Arsenal” “Barselona”nı qonaq edib. Katalonlar 26-cı dəqiqədə Vilyanın qolu ilə meydan sahiblərini şoka salıb. Amma “Barsa” qələbəni qoruya bilməyib. İkinci yarıda daha yaxşı oyun nümayiş etdirən “topçular” 78-ci dəqiqədə Van Persinin dəqiq zərbəsindən sonra tarazlığı bərpa ediblər. 5 dəqiqə sonra isə əvəzlənmədəm meydana çıxan rusiyalı Andrey Arşavin katalonları cəzalandırıb.

ÇL-in 1/8 final mərhələsinin digər 4 oyunu gələn həftə baş tutacaq.

İlk oyunlar

15 fevral
“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə) - 0:1
Krauç, 79

“Valensiya” (İspaniya) – “Şalke” (Almaniya) - 1:1
Soldado, 17 - Raul, 64

16 fevral

“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna) - 2:3
Perrota,28; Menez, 61 - Jadson, 29; Kosta, 36; Adrianu, 41

“Arsenal” (İngiltərə) – “Barselona” (İspaniya) - 2:1
Van Persi, 78; Arşavin, 83 - Vilya, 26
0