“Biz böyük oyunlarda qalib gəlməyi sevirik”
16.02.2011 - 16:13
“Biz böyük oyunlarda qalib gəlməyi sevirik”
“Bizim üçün ən çətini Azərbaycana səfərdir. Səhər saat 6-da İspaniyadan çıxıb, axşam 9-da ora çatacağıq. Bu bizim üçün ən uzun səfərlərdən biri olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə İspaniya milli komandasının baş məşqçisi Venansio Lopes deyib.

Tanınmış mütəxəssis Avro-2012-nin Bakıda keçiriləcək seçmə mərhələ oyunları haqda fikirlərini açıqlayıb: “Lakin ilk oyunumuza qədər təxminən 48 saat vaxtımız olacaq. Üstəlik 1-ci rəqib Fransadır ki, onlar da güclü komanda deyil. Onlara mümkün qədər çox qol vurmalıyıq. Azərbaycanla fevralın 27-dəki həlledici qarşılaşmaya kimi tam formada olacağıq. Başa düşürük ki, ən çətin oyunumuz onlara qarşı olacaq. Son illər çox inkişaf edən bu komanda həm də meydan sahibidir. Lakin biz təkcə bu idman növünü deyil, belə böyük oyunlarda qalib gəlməyi də sevirik”.

Qeyd edək ki, İspaniya, Azərbaycan, Qazaxıstan və Fransa millilərinin mübarizə apardığı 1-ci seçmə qrupunun oyunları fevralın 24-27-də keçiriləcək.