FİFA-dan qəti qərar: “Şəfa” stadionunun qazonu dəyişilməlidir!
17.02.2011 - 14:08
FİFA-dan qəti qərar: “Şəfa” stadionunun qazonu dəyişilməlidir!
Azərbaycanda işgüzar səfərdə olan FİFA nümayəndələri “Şəfa” stadionunda baxış keçirib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun Yarışların Təşkili Keçirilməsi Departamentinin mütəxəssisi Oliver Voqtun rəhbərlik etdiyi nümayəndə heyəti 5 ildir avrokuboklar oyunları keçirilməyən bu arena ilə yaxından tanış olublar.

Voqt “Şəfa”da süni örtüyünün təftiş etdiklərini bildirib: “Onun gələcəkdə yenisi ilə əvəzlənməsinə ehtiyac var. Yeni qazon yoxlanılacaq. Bundan sonra ona 2 ulduz verilməsi ilə sertifikat təqdim olunmaqla, dünya çempionatının, beynəlxalq oyunlarının keçirilməsinə rəsmən icazə verəcəyik”.

Gələn il ölkəmizdə 17 yaşlı qızlardan ibarət yığma komandalar arasında dünya çempionatının “Şəfa” stadionunda da keçirilməsi planlaşdırılıb. Həmin yarışın yerli Təşkilat Komitəsinin sədri olan AFFA-nın baş katibi Elxan Məmmədov FİFA-nın nümayəndələri ilə birgə arenada vəziyyətlə tanış olub: “Biz dünən “Şəfa” stadionunda olduq və həmin arenanı uzun müddətə icarəyə görünən “İnter” klubunun prezidenti Georgi Nikolovla görüşdük. Arenada müxtəlif dəyişiklərə ehtiyac var. Bu, əsasən qazonla bağlıdır. “Şəfa”nın süni örtüyü mütləq dəyişdirilməlidir. Bundan sonra orada qızların dünya çempionatının keçirə biləcəyik. Stadionunda yenidənqurma işləri gələn il yarışa qədər yekunlaşmalıdır. Bildiyiniz kimi, FİFA-da Mərdəkanda AFFA-nın inşa etdiyi stadionun süni örtüyünə 2 ulduz verib. “Şəfa” da dünya çempionatının keçirilməsi üçün belə sertifikat almalıdır”.

Qeyd edək ki, vaxtilə müxtəlif yığmalarımızın yoldaşlıq, rəsmi, klublarımızın avrokubok oyunlarının keçirdiyi “Şəfa”da 2006-cı ildən bu yana beynəlxalq görüşlər qazonla bağlı keçirilmir.

Mehman SÜLEYMANOV