“Neftçi”nin legionerləri debütə hazırlaşır
18.02.2011 - 14:00
“Neftçi”nin legionerləri debütə hazırlaşır
“Neftçi” klubunun qış fasiləsində transfer etdiyi futbolçular Azərbaycan Premyer Liqasında debütə hazırlaşırlar. Komandanın baş məşqçisi Arif Əsədov apasport.az saytına açıqlamasında legionerlər – braziliyalı Rodriqinyo ilə fransalı Yasin Himanın növbəti turda “Simurq”la bazar günü səfərdə keçiriləcək görüşdə meydana çıxmasının gözlənildiyini bildirib.

Rodriqinyodan fərqli, Yasinin adı ötən tur “Xəzər Lənkəran”la ev oyununun protokolunda yox idi. Əsədov bunun transfer vərəqinin yubanması ilə bağlı olmadığını bildirib: “Belə problem yoxdur. Sadəcə, ehtiyatda iki eyni amplualı futbolçu – Rodriqinyo ilə Elmar Baxşıyev vardı. Belə olan halda, daha bir dayaq yarımmüdafiəçisinin adını daxil etməyə ehtiyac duymadıq. Yeni futbolçularımıza kənardan Azərbaycan Premyer Liqası ilə tanış olmağa, oyun tempini görmələrinə imkan yaratdıq. Ancaq “Simurq”la görüşdə həmin legionerlərin xidmətindən oyunun gedişində olsa istifadə etmək fikrindəyik”.

Əsədov yenilərin yavaş-yavaş özlərini göstərmək imkanına malik olacaqlarını söyləyib: “Bu, hələ “altılığ”a qədər reallaşacaq. Həlledici oyunlara qədər çempionatda 2 tur və Azərbaycan kubokunun ¼ final oyunları var. Zədə, cəza problemlərinin olmasını nəzərə alsaq, heyətin geniş olması lazımdır. İstəyirik ki, hər bir futbolçumuz komandanın tam üzvü kimi özlərini hiss etsinlər. Hazırda əsas qapıçımız olan Rauf Mehdiyev “Xəzər Lənkəran”la oyunda da etimadımızı doğrultdu. Qış fasiləsində cəlb etdiyimiz qapıçı Vitali Kovalyov “Simurq”la oyunda heyətdə olacaq”.