“Deyəsən, tarix təkrarlanır”
18.02.2011 - 15:02
“Deyəsən, tarix təkrarlanır”
“Psixoloji durumumuz qaydasındadır. “Muğan”la oyuna hazırlaşırıq. Rəqibimiz ilk “altılıq”dakı komandalara qarşı hər zaman ciddi müqavimət göstərib. Bu oyunu udduqdan sonra “Gəncə” ilə matç haqda düşünəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Nodar Məmmədov deyib.

Cari mövsümdə etibarlı müdafiəsi ilə seçilən, amma fasilədən sonra ilk oyunda “Qarabağ”a 0:3 hesabı ilə məğlub olan Toni Adamsın yetirmələri ilk “altılıq” şansını da çətinləşdirib.

İndi əyalət təmsilçisini güclülərin sırasına düşmək yolunda iki çətin oyun gözləyir. “Qarabağ”la matçda Saşa Yunisoğlunun yoxluğunun hiss olunduğunu qeyd edən Məmmədov məğlubiyyətdə bunun az rol oynamadığını deyib. O, I dövrədəki hadisələrin təkrarlandığını vurğulayıb: “Saşanın yoxluğu, eləcə də bir neçə yeni futbolçunun əsas heyətdə meydana çıxması sözünü dedi. Əslində, I dövrəyə də belə başlamışdıq. Ardıcıl məğlubiyyətlər aldıq. Deyəsən, tarix təkrarlanır”.

Qarşıdakı oyunlarda qarşılaşacaqları hər iki komandanın ilk “altılıq”dan kənarda qalması “Qəbələ”nin işini yüngülləşdirməyəcək: “İki oyunda qələbə qazansaq, ilk “altılıq”a düşəcəyik. Hər iki oyun çətin keçəcək. Əgər “Gəncə” AZAL-dan xal alıbsa, bu vəziyyətlə biz də üzləşə bilərik. İndiki məqamda MOİK-dən belə çəkinmək lazımdır. Ümumi götürdükdə, hər şey öz əlimizdədir”.

İlk “altılığ”a düşməyə futbolçuların daha çox istədiyini qeyd edən futbolçu ikinci “altılıq” oyunlarına maraqlarının olmadığını vurğulayıb: “İlk “altılığ”a düşsək, bu öz adımıza görə yaxşıdır. İkinci “altılıq” oyunlarına maraq yoxdur. Biri var iddialı rəqiblərlə qarşılaşasan, bir də var ortabablarla. Özümüz üçün bunu etməliyik”.