İqor Akinfeyev azərbaycanlı qapıçılara nümunə oldu
18.02.2011 - 15:37
İqor Akinfeyev azərbaycanlı qapıçılara nümunə oldu
Rusiyanın MOİK-inin qapıçısı İqor Akinfeyev avrokuboklarda yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı qapıçı Avroliqanın 1/16 final mərhələsində Yunanıstanın PAOK klubuna 1:0 hesabı ilə qalib gəldikləri səfər oyununda qitə miqyaslı turnirdə 26-cı dəfə qol buraxmayıb.

Bununla da MOİK-də kapitan sarğısını da daşıyan Akinfeyev uzun illərdir olan 25 oyunluq rekordu qırıb. Bu, Kiyevin “Dinamo” klubunda olan həmkarı Yevgeni Rudakova məxsus olub.

İqorun bu uğuru ilə azərbaycanlı qapıçılar üçün də nümunə olub. Çünki bu, təkcə rusiyalı yox, keçmiş SSRİ-dən olan qapıçılar arasında da rekorddur.

Qeyd edək ki, Akinfeyev indiyə kimi bizə qarşı 4 dəfə oynayıb. O, 2004-cü ilin yayında MOİK-in heyətində “Neftçi” ilə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qol buraxmayıb (Bakıda 0:0, Moskvada 0:2). İqor 2009-cu ilin martında Rusiya yığmasının heyətində millimizə Moskvada 2:0 hesabı ilə qalib gəldikləri rəsmi oyunda da qapısının toxunulmazlığını qoruya bilib. Qapıçı yalnız sonuncu görüşdə - 2009-cu ilin oktyabrında yığmamızla Bakıda 1:1 hesabı ilə bərabərliyə qaldıqları görüşdə qol buraxıb. Akinfeyevi məyus edənsə vaxtilə MOİK-də komanda yoldaşı olduğu hücumçumuz Vaqif Cavadov olub.