AZAL bəyanat yayıb, Elxan Abdullayevlə danışıqlar apardığını təsdiqlədi
18.02.2011 - 16:19
AZAL bəyanat yayıb, Elxan Abdullayevlə danışıqlar apardığını təsdiqlədi
AZAL futbol klubu bəyanat yayıb. Komandanın mətbuat xidmətindən apasport.az saytına daxil olan bəyanatda son günlər mətbuatda yazılanlara münasibət bildirilib.

“Son günlər AZAL haqqında heç bir əsası olmayan, qeyri-dəqiq və yanlış xəbərlər bir-birini əvəz edir. Guya “Gəncə” ilə qarşılaşmadan (0:0) sonra AZAL-da toplantı keçirilib və rəhbərlik işindən narazı qaldığı üçün məşqçi korpusunu tezliklə işindən azad edəcək. Hətta heç bir mənbəyə əsaslanmayaraq bu xəbərləri yazanlar bir qədər irəli gedərək, baş məşqçi Nazim Süleymanovun Elxan Abdullayevlə əvəzlənəcəyini “proqnozlaşdırır”. Komanda olaraq, jurnalistlərin informasiya əldə etmək hüququna hörmət etdiyimizi bildirməklə və bu sahənin xüsusiyyətlərini düzgün qiymətləndirməklə yanaşı, bu cür əsassız xəbərlərə reaksiya verməyi də özümüzə borc sayırıq. Hər halda, məsul oyunlar ərəfəsində komanda və klub daxilində gərginlik yaratmaq istəyən qüvvələrin məqsədini biz də anlayırıq və sözügedən məsələlərlə bağlı rəsmi mövqeyimizi ortaya qoymağı məqsədəuyğun sayırıq”.

Bildirilir ki, “Gəncə” ilə oyundan sonra məşqçilərin istefasının gündəmə gəlməsi ilə bağlı klub daxilində hər hansı bir fövqəladə iclas olmayıb: “Bu məlumatların haradan götürüldüyünə biz özümüz də təəccüblənirik. Əlbəttə, qarşısına ilk “altılığ”a düşmək məqsədi qoyan AZAL-ın rəhbərliyi, elə komandanın bütün üzvləri də evdə itirilən vacib iki xala görə təəssüflənir və nəticədən narazıyıq. Etiraf edirik ki, “Gəncə” ilə oyunun nəticəsinin məşqçi heyətinin AZAL-dakı gələcəyinə heç bir təsiri yoxdur və Nazim Süleymanovun rəhbərlik etdiyi heyət öz işini davam etdirir. Qarşımıza qoyduğumuz məqsədlərə çatmaq uğrunda birgə fəaliyyətimizi davam etdiririk”.

Bəyanatda, həmçinin vurğulanır ki, Elxan Abdullayevin guya AZAL-a baş məşqçi təyin olunması ilə bağlı xəbər də tamamilə kimlərinsə uydurmasıdır və kökündən yalandır: “Bu məsələdə qeyri-müəyyənliyi aradan götürmək və əsl həqiqəti üzə çıxarmaq üçün bildirmək istəyirik ki, bəli, qış fasiləsi ərəfəsində komandanın məşqçisi Novruz Əzimovun AZAL-dan ayrılmasından sonra Elxan Abdullayevə fiziki hazırlıq üzrə məşqçi postu təklif olunub. Ancaq o, Qazaxıstan klubundan təklif almasını əsas gətirərək, üzrxahlığını bildirdi və bu təklifdən imtina etdi. Bu, AZAL ilə Abdullayev arasında peşəkar məsələlərlə bağlı sonuncu dialoq olub”.

AZAL-ın rəsmilərinin fikrincə, ümumiyyətlə, carı mövsümdə dəfələrlə klub ətrafında yanlış informasiya vakuumu yaratmağa çalışıblar: “Yaxşı anlayırıq ki, bu əsasən bizi gözü götürməyən və meydançadakı mübarizədə bizə məğlub olanların fəaliyyətidir. Məsul qarşılaşmalar ərəfəsində klub və komanda daxilinə atmosferi korlamaq və süni gərginlik yaratmaq istəyənlər əmin olsunlar ki, belə cəhdlər heç bir nəticə verməyəcək. Gündən günə peşəkarlaşan AZAL öz inkişaf strategiyasına sadiq qalaraq bütün onu istəməyənlərə yaşıl meydanlarda qazandığı müsbət nəticələrlə cavab verəcəkdir”.