Samir Əliyev “Neftçi”yə qarşı stimulla oynayacaq
18.02.2011 - 16:26
Samir Əliyev “Neftçi”yə qarşı stimulla oynayacaq
“Qarşılaşmaya ciddi hazırlaşırıq. Rəqib Premyer Liqanın lideridir. “Neftçi” kimi güclü komandaya qarşı oynamaq hər bir futbolçu üçün böyük stimuldur”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Simurq” klubunun kapitanı Samir Əliyev deyib.

Cari mövsümdə Premyer Liqada yerini qorumağa çalışan autsayder ciddi sınaq qarşısındadır. Fevralın 20-də Zaqataladakı görüşdə “Neftçi” liderliyini qorumağa, 11-ci olan “Simurq” isə təhlükəli zonadan çıxmağa çalışacaq.

Qüvvələr nisbətində böyük fərq olsa da, kapitan nikbinliyini itirmir: “Evdə oynayacağıq. Düzdür, bunu böyük üstünlük saymaq olmaz. Çünki “Neftçi” həmişə “Neftçi” olub. Üstəlik, cari mövsümdə ən yaxşı çıxış edən komanda kimi çempionatın layiqli lideridir. Ancaq buna baxmayaraq, biz də sözümüzü demək istəyirik. Çalışacağıq ki, azarkeşlərimizi öz yaxşı oyunumuzla sevindirək. “Neftçi” ilə görüşdə nəticə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq. Fikrimcə, ağır oyun olacaq”.

Samir karyerasının ən yaxşı illərini iki müxtəlif vaxtda şərəfini qoruduğu “Neftçi”də keçirib. Ötən yay “Simurq”a məhz oradan gələn 32 yaşlı hücumçu indiki komandasının lideri, bombardiridir.

Əliyevin sözlərinə görə, sabiq klubu ilə görüşə xüsusi köklənmir: “Təbii ki, “Neftçi” ilə oyunda komandanın uğuru üçün əlimdən gələni edəcəyəm. Ancaq oyuna nəyisə sübut etmək üçün çıxmaq fikrində deyiləm. “Neftçi”yə qarşı prinsipiallığım yoxdur. Əlbəttə, komandada növbəti qolumu vurmaq istəyirəm və qismət olsa, buna nail olacağam. Fərqi yoxdur, cərimə zərbəsindən, yaxud oyun epizodundan. Əsas qoldur. Hücumdakı tərəfdaşım Fərid Quliyevin oynamasını istərdim. Ancaq belə götürəndə, Fərid komandamızda cəmi 1 görüş keçirib. “Simurq” üçün fərqi yoxdur gənc, yaxud yaşlı futbolçu oynayır, hamı komandanın uğuru üçün çalışır. Qış fasiləsində heyətimizdəki dəyişiklərdən sonra yalnız 1 oyun keçirmişik. “Simurq”un gücü 4-5 oyundan sonra daha aydın olacaq”.

Mehman SÜLEYMANOV