Vitali Borisov: İndi vəziyyət daha yaxşıdır
19.02.2011 - 00:01
Vitali Borisov: İndi vəziyyət daha yaxşıdır
“Vəziyyət normaldır, məşqlərimiz davam edir. Bütün diqqətimizi Avropa çempionatının oyunlarına yönəltmişik”. Bu sözləri apasport.az saytına açıqlamasında futzal üzrə Azərbaycan yığmasının oyunçusu Vitali Borisov deyib.

Milli komandamız fevralın 24-dən 27-dək Avropa çempionatının seçmə qrup mərhələsinin oyunları çərçivəsində İspaniya, Qazaxıstan və Fransa ilə qarşılaşacaq. Bu qrup oyunları Bakıda təşkil ediləcək. Məsul oyunlara hazırlığını davam etdirən yığmamızın bir müddət əvvəl IV Bakı Beynəlxalq Futzal Turnirindəki çıxışı heç də birmənalı qarşılanmamışdı.

Hətta futzalçılar anlaşma baxımından müəyyən problemlərin olduqlarını etiraf etmişdilər. Vəziyyətin nisbətən düzəldiyini deyən Borisov görüləcək işlərin vacibliyini vurğulayıb: “Turnir başa çatdıqdan sonra 2 günlük istirahət oldu. Komanda yenidən bir araya gəlib. Yavaş-yavaş əvvəlki oyunumuzu bərpa etməyə çalışırıq. 100 faiz hazır olduğumuzu deyə bilmərəm. Turnirdəki vəziyyətlə müqayisədə, indi daha yaxşıdır. Təxminən 1 həftə vaxtımız var. Əvvəlki oyunumuzu tam şəkildə yada salmağa çalışacağıq”.

Qrupdakı rəqiblər haqda da danışan futzalçı millinin final mərhələsinə yüksəlmək üçün real şansının olduğunu deyib: “Real şansımız var. Birinci və ikinci oyunda qələbə qazansaq, 99 faiz mərhələ adlayacağıq. İspaniyanın oyununu görmüşük. Bu komandanın gücü ortadadır. Heyətdə dəyişiklik etsələr də, 8 əsas oyunçuları qalıb. Fransa haqda isə məlumatımız yoxdur. Onlar əsasən Mərakeş və Əlcəzair əsilli futzalçılardan təşkil edilib. Qazaxıstan millisi ilə 1-2 dəfə qarşılaşmışıq. Heyətlərində 5-6 tanış futzalçı qalıb. Qalanları gənclərdir. Güclü rəqibdir. İkinci yer uğrunda mübarizədə əsas rəqibimiz onlar olacaqlar”.