Rəşad Sadıqov rekord qırsa...
24.02.2011 - 00:07
Rəşad Sadıqov rekord qırsa...
“Rəşad Sadıqov milli komandada rekordumu qırarsa, bunu normal qarşılayacağam”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov deyib.

“Qarabağ” klubunun 38 yaşlı yarımmüdafiəçisi milli komandamızda 80 oyun keçirməklə, rekordçudur. Aslan hələ Berti Foqtsun gəlişinə qədər, yəni artıq 3 ildir yığma karyerasını bitirsə də, oyun sayında rekordu əlçatmaz qalır. Düzdür, millimizin hazırkı kapitanı Rəşad Sadıqov 66 oyunla Kərimova çatıb, keçməsinə az qalıb. Məhz Rəşadın oyun sayında yeni rekordçu olacağı gözlənilir.

Aslan rekordunun qırılmasına görə üzülməyəcək: “Hər hansı futbolçu məndən çox oynayacaq, mənim də bununla bağlı fikrimdə nəsə olacaq – bu, bir az gülünc olardı. Kiminsə məni keçməsi normal bir şeydir. Mən də millimizdə yetərincə oynamışam və bu, özümə aid bir şeydir. Kimsə məndən daha artıq oynayacaqsa, oynasın. Bunun heç bir problemi yoxdur. Rəşadın oyun sayında məni keçməsini normal qəbul edirəm. Burada nə var ki? Elə olub ki, mən də millidə birindən artıq oynamışam. O futbolçu mənə qarşı necədirsə, mən də elə”.

Hazırda Premyer Liqamızda ən yaşlı 2 futbolçu var ki, bunlardan biri Kərimovdur. O, uzun illər yığmada və klubda birgə oynadığı yarımmüdafiəçi Mahmud Qurbanov kimi 1973-cü il təvəllüdlüdür. Ancaq Aslan yanvarın 1-də, Mahmud isə mayın 10-da anadan olduğundan, 4 ay 9 gün böyükdür. Hazırda ən yaşlı futbolçumuz olan Aslan çempionatımızda oyun sayında Mahmudu qabaqlamağını real saymır: “Çox güman ki, bu məndə alınmayacaq. Açığı, mənim üçün rəqəmlər elə bir əhəmiyyət kəsb etmir. Əsas keyfiyyətdir”.

Qeyd edək ki, Mahmud çempionatımızda 398, onun ən yaxın izləyicisi olan Aslan 383 oyun keçirib.

Mehman SÜLEYMANOV
0