Azərbaycan çempionatı dəyişmir!
25.02.2011 - 00:02
Azərbaycan çempionatı dəyişmir!
Bu gün Azərbaycan Premyer Liqasının təsnifat mərhələsinin sonuncu turu start götürəcək. Apasport.az saytının məlumatına görə, ilk “altılıq” uğrunda mübarizəyə elə sabah da yekun vurula bilər. Bu da təqvimin normal futbol ölkələrindən fərqli olması ilə bağlıdır.

Belə ki, əksər futbol ölkələrində, az-çox nüfuzu olan turnirlərdə sonuncu, bəzən isə son 2-3 turun oyunları eyni vaxtda başlayır. Stadion və digər məsələləri nəzərə alıb, mükafatlar və ya aşağı dəstəyə yuvarlanmaq, eləcə də pley-offa vəsiqə baxımından əhəmiyyəti olmayan görüşləri başqa vaxtlara keçirilər. Lakin nəticələri, taleləri bir-birindən asılı olan qarşılaşmalar mütləq eyni vaxtda başlayır.

Premyer Liqamızın təsnifat mərhələsinin son turunda isə bunun əksi yaşanacaq. Bu gün oynayacaq “Bakı”nın, yoxsa 2 gün sonra meydana çıxacaq “Qəbələ”nin “altılığ”a çıxacağına məhz XXII tur aydınlıq gətirəcək. Bəlkə də bunun çempionatın deyil, mərhələnin son turu olduğunu bəhanə gətirənlər olacaq.

Lakin Avropa və dünya çempionatlarında final mərhələlərinin qrup oyunları, Çempionlar Liqası və Avroliqanın qrup matçları da eyni vaxtda başlayır. Düzdür, avrokuboklarda qarlı-buzlu Rusiyadakı matçlara istisna olur. Şükürlər olsun ki, bizim çempionat matçlarında qar-buz və ya çovğun müşayiət olunmur. Amma...

Əslində, cari mövsüm Premyer Liqanın 25 oyununun (bu matçların siyahısını da yazmaq olar) vaxtını dəyişən Peşəkar Futbol Liqasını daha 1 matçın – ya “Bakı” və ya “Qəbələ”dən birinin görüşünü digəri ilə eyni vaxta salmağa məcbur etmək də olmaz. Qərar onlarındı, qoy, belə də olsun. Hərçənd, bu dəfə səbəb həmin 25 oyununkundan az da deyil.

Sadəcə, bu hadisə 2005/06 mövsümünü xatırladır. Sanki yenidən həmin çempionatın şahidi oluruq. “Bakı” üstünlüyə malikdir və öndə qərarlaşıb. İzləyiciləri isə arxada və sonra meydana çıxacaqlar. Oxşar ssenaridir.

2005/06 mövsümünü unudanlar üçün qısa xatırlatma. Son tur ərəfəsində “Bakı” 55, “Karvan” 54, “Neftçi” 53 xala malik idi. Hər 3 komandanın ürəyindən çempionluq keçirdi. Lakin “İnter”in qonağı olan “Bakı” mayın 29-da oynayırdı, digər iddialılar 1 gün sonra. Emin İmaməliyevin 27-ci dəqiqədəki qoluyla qələbəni və çempionluğu qazanan “zolaqlılar” digər 2 oyunun qızıl əhəmiyyətini öldürdü. Əslində, bunu öldürən təqvim və təşkilatçılıq idi.

Düzdür, ertəsi gün o vaxt güclülər dəstəsində debütant olan “Olimpik”lə qarşılaşan “Karvan” acığını bakılılardan çıxdı – 5:0. Tarixinin ən pis mövsümünü keçirən “Xəzər Lənkəran”ı qəbul edən “Neftçi” ardıcıl 3-cü çempionluqdan əli üzüldüyündən meydana motivasiyasız çıxdı və belə olduğundan qələbə də qazana bilmədi – 2:2. Hərçənd hər 3 matç eyni saatda başlasaydı, başqa cür ola bilərdi. Bu isə “Neftçi”nin baş məşqçisini itirməsiylə nəticələndi. Avrokuboklardan kənar qalan paytaxt təmsilçisi Ağasəlim Mircavadovla vidalaşdı.

İndiki durum. İndi AZAL-ın qonağı olacaq “Bakı” yenə üstün durumdadır. Lakin bu dəfə onlara qələbə deyil, heç-heçə də kifayətdir. İzləyici isə yenə əyalət təmsilçisidir. Bakılıların 32, “Qəbələ”nin 30 xalı var.

Bu iki oxşar sonluğu bir-birinə bənzədən təkcə “Bakı”, onun üstünlüyü, rəqibdən tez oynaması deyil.

Daha bir məqam PFL prezidenti Ramin Musayevlə bağlıdır. Təqvimi dəyişmək iqtidarında olan Musayev 5 il əvvəl “Neftçi”nin vitse-prezidenti olduğundan, klubdakı hər şeyə əsas cavabdeh idi. Deməli, bərbad təqvimdən əziyyət çəkənlərin başında dururdu. Ən azı bu vəziyyətlə tanış olduğu üçün cari mövsüm eyni halın təkrarlanmasına imkan verməməli idi.

Bu isə onu göstərir ki, son 5 ildə futbolumuzda və çempionatın təşkilatçılığında heç nə dəyişməyib...