“Xəzər Lənkəran”a 3 qol vurmaq çətin idi”
28.02.2011 - 16:35
“Xəzər Lənkəran”a 3 qol vurmaq çətin idi”
Bakının “İnter” klubunun kapitanı Vladimir Levinin apasport.az saytına müsahibəsi

- Hesabat turunda öz meydanınızda “Xəzər Lənkəran”a 1:3 hesablı məğlubiyyəti nə ilə izah edərdiniz?
- Çox kobud səhvlərə yol verdik. Nəticədə qapımızdan 3 top buraxdıq. “Xəzər Lənkəran” elə də güclü oynamadı. Onlara hesabda üstünlük əldə etdikdən sonra böyük qüvvə ilə irəli atılmaq da lazım deyildi. Rəqib bu müddətdə daha çox əks-hücumlara bel bağladı və üstünlüyünü qoruyaraq, qələbə qazandı.

- Komandanızın etibarlı müdafiə xətti var. Birdən-birə 3 qol buraxmağınızın səbəbini nədə görürsünüz?
- Futbolda belə şeylər olur. Heç kim səhvdən sığortalanmayıb. Hesabda 0:3 geri düşəndən sonra bizə çox çətin idi.

- Ancaq hesabı 1:3 etdiyiniz zaman 60-cı dəqiqə gedirdi. Yəni, tarazlığı bərpa etmək üçün yetərincə vaxtınız vardı...
- Rəqibin böyük qüvvə müdafiə olunması işimizi çətinləşdirirdi. Hər şey əksimizə doğru idi. Mövqe səhvləri, topu vaxtında çıxarmamaq kimi xətalar öz sözünü dedi. Ancaq digər komponentlərdə - əzmkarlıq baxımdan hər şey normal idi. Sadəcə, təsadüfi qollar buraxdıq.

- Ancaq buraxılan 3 qolun hamısını təsadüfi saymaq da düzgün deyil...
- Mən təsadüfi qollar deyəndə ilk ikisini nəzərdə tutdum. Bununla fasiləyə hesabda 0:2 geridə yollandıq. İkinci hissənin əvvəlində isə 3-cü qolu buraxdıq. Bunda isə rəqib bizi əks-hücumda yaxaladı. Həmin qol mənim günahım üzündən oldu.

- Deməli, səhvinizi boynunuza alırsınız...
- Əlbəttə. Rəqib hücumçunun qarşısının ala bilmədim və qapımızda 3-cü topu gördük.

- Məhz bu qolun oyunun taleyini həll etdiyini saymaq olar?
- Biz bundan sonra da hücumlarımıza ara vermədik. Xal qazanacağımıza ümid edirdik. Penaltidən qol vurduq. Ancaq böyük qüvvə ilə müdafiə olunan “Xəzər Lənkəran”a 3 qol vurmaq çətin idi və bundan artığına gücümüz çatmadı.

- “Xəzər Lənkəran”ın oyunu sizdə hansı təəssürat oyatdı?
- Komandada qış fasiləsində böyük dəyişiklər olub. Heyətin 70-80 faizi dəyişib. Meydanda tam fərqli komandanın şahidi olduq. Qış fasiləsində vaxt az olduğundan, heyətdə böyük dəyişiklər olanda anlaşma baxımından çətinlik olur. Ancaq “Xəzər Lənkəran”ın yeni futbolçularının ustalıq səviyyəsi böyükdür. Həmin legionerlərin fərdi oyun keyfiyyətləri öz nəticəsini göstərdi.

- Bu mənada Lənkəran klubunun qışda çox gücləndiyini deyə bilərik?
- Buna hələ baxarıq. Komandaların əsl gücünü “altılıq” göstərəcək.

- “İnter” ötən mövsüm təsnifat mərhələsinin qalibi olaraq, sonda çempionluğu qazandı. Bu dəfə isə ilk mərhələni 4-cü yerdə bitirdiniz. Bunu necə qiymətləndirirsiniz?
- Əlbəttə, bu, qənaətbəxş nəticə deyil. Biz maksimuma çalışırdıq. Ancaq hesab edirəm ki, hələ heç nə itirilməyib. Qarşıda “altılıq” oyunlar var. Əsas mübarizə orada olacaq. “Atılıq”da hər turda vacib, maraqlı oyunların şahidi olacağıq.

- Lider “Neftçi”dən 8 xal geri qalırsınız. Bunu aradan qaldırıb, yenidən çempion olacağınıza ümid edirsiniz?
- Onu deyə bilərəm ki, biz sona kimi mübarizə aparacağıq. Rəqiblərimizi hər biri ilə həm evdə, həm səfərdə görüşəcəyik. Onlara qalib gəlməklə, xal fərqini azalda bilərik. İstəyimizə necə nail olacağımızı isə zaman göstərəcək.

- Hər halda, minimum vəzifə mükafatlar sırası düşməkdir...
- Əlbəttə, mövsümü major notda bitirmək, medal, avrokuboklara vəsiqə qazanmaq istəyirik. Biz bunun üçün çalışacağıq.

- Avrokuboklara ən qısa yol ölkə kubokundandır. Özü də finala yolunuz digər yarımqrupdan asandır. 1/4 finalda ən asan rəqibi, yeganə birinci divizion təmsilçisi sizə düşüb...
- Kubokla çempionat oyunu fərqlidir. Kubokda elə ola bilər ki, öz meydanında buraxdığın qolla həlledici olsun və bununla mübarizəni dayandırasan. Biz hər iki cəbhədə nəticə qazanmağa çalışacağıq. Bu mənada “Abşeron”la kubok oyununa ciddi hazırlaşırıq. Arxayınçılıq, rəqibi qiymətləndirməməkdən söhbət gedə bilməz. “Abşeron” I divizionun lideridir, cari mövsümdə uduzmayıb. Bu, komandanın gücündən xəbər verir.

Mehman SÜLEYMANOV
0