“Xəzər Lənkəran” “İnter”ə görmədiyini göstərdi
28.02.2011 - 17:22
“Xəzər Lənkəran” “İnter”ə görmədiyini göstərdi
“Xəzər Lənkəran” Azərbaycan Premyer Liqasının təsnifat mərhələsinin son turunda Bakının “İnter” klubu ilə səfər oyununda ilkə imza atdı. Apasport.az saytının hesablamalarına görə, “İnter” 2004-cü ilin yayından başlayan tarixində milli çempionatımızda heç vaxt evdə 3 qol buraxaraq, uduzmamışdı. Bu, XXII turda fevralın 27-də “Şəfa” stadionunda “Xəzər Lənkəran”a 1:3 hesablı məğlubiyyətlə tarixə düşdü.

Ümumiyyətlə, “İnter” sonuncu dəfə çempionatda bir oyunda ən azı 3 qolu elə cari mövsümdə buraxıb. Söhbət ilk dövrədə AZAL-a “Şəfa” stadionunda darmadağın idi – 0:5.

Təbii ki, “bankirlər” digər turnirlərdə evdə 3 qol buraxaraq, uduzub. Bu, elə 2-ci mövsümdür komandanı çalışdıran gürcü Kaxaber Sxadadzenin vaxtında olub. Bunlardan ilki Sxadadzenin “İnter”də evdə debüt matçına təsadüf edib.

2009-cu ilin iyulun 9-da Slovakiyanın “Spartak” klubu ilə Avroliqanın I təsnifat mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda cavab oyunu komandamızın 1:3 hesablı məğlubiyyəti ilə nəticələndi. “İnter” ötən ilin mayın 5-də Azərbaycan kubokunda evdəki cavab oyununda 1:3 hesablı məğlubiyyətlə də mübarizəni dayandırdı. Bu, yarımfinalda “Bakı”ya yenilgi idi.

Qeyd edək ki, “İnter”in ölkə daxilində evdə yeganə böyük hesablı məğlubiyyətini ölkə kubokunun 2005/06 mövsümündə ¼ final mərhələsinin cavab oyununda Yevlaxın “Karvan” klubundan alıb – 1:4.

Mehman SÜLEYMANOV