Elxan Məmmədov: Bu məsələdə əsas söz sahibi Berti Foqtsdur
01.03.2011 - 15:14
Elxan Məmmədov: Bu məsələdə əsas söz sahibi Berti Foqtsdur
“Milli komandamızın Belçika ilə rəsmi oyuna hazırlıq çərçivəsində yoldaşlıq görüşü keçirəcəyi hələ dəqiqləşməyib. Təbii ki, oyun ola bilər. Ancaq biz indidən bu haqda dəqiq məlumat verə bilmərik”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Millimiz Novruz bayramı öncəsi Almaniyaya yollanıb, Avro-2012-nin seçmə mərhələsində Belçika ilə səfər oyununa hazırlığının böyük qismini bu ölkədə keçirəcək. Həmin müddətdə Avropaya təlim-məşq toplanışına gələcək Peru yığması isə komandamıza potensial sınaqçı rəqib gözü ilə baxır.

Məmmədovun sözlərinə görə, nəinki perulularla, ümumiyyətlə, yoldaşlıq görüşü haqda danışmaq hələ tezdir: “Biz Perudan təklif almamışıq. Elə digərləri ilə də bağlı bunu deyə bilərəm. Biz Belçika ilə oyun öncəsi yoldaşlıq görüşü keçirmək variantı haqda hələ düşünürük. Təbii ki, bu məsələdə əsas söz sahibi milli komandamızın baş məşqçisi Berti Foqtsdur. O, sabah axşam Bakıya gələcək. Bundan sonra onunla görüşüb, bu məsələni müzakirə edəcəyik”.

Xatırladaq ki, yığmamız Almaniyaya martın 19-da yollanacaq. Belçika ilə qarşılaşma isə 10 gün sonra baş tutacaq.

Mehman SÜLEYMANOV