İsgəndər Cavadov: Legioner limitinin “6+5” olması yaxşıdır
01.03.2011 - 18:00
İsgəndər Cavadov: Legioner limitinin “6+5” olması yaxşıdır
“Bildiyimə görə, AFFA-nın bu həftə keçirəcəyi İcraiyyə Komitəsinin iclasının gündəliyində legioner limiti ilə bağlı məsələ yoxdur. Ancaq əgər limit məsələsi müzakirəyə çıxarılarsa, bununla bağlı mövqeyimi bildirəcəyəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın İcraiyyə Komitəsinin (İK) üzvü İsgəndər Cavadov deyib.

Martın 4-də İcraiyyə Komitəsinin iclasından sonra keçiriləcək AFFA-nın növbəti Konfransının gündəliyinə legioner limitinin müzakirəsi daxil edilməsə də, dəyişiklik məsələsi həmişə diqqət mərkəzindədir. Təsadüfi deyil ki, gələn mövsümdən limitin azalacağı haqda xeyli müddətdir söz-söhbətlər gəzir. İK-ın gündəliyində “digər məsələlər” bölümü yenə var və burada limitin müzakirəsinə əvvəllər şahid olmuşuq.

Regional Futbol Federasiyalarının prezidenti olan Cavadov daha çox danışılan “6+5” variantının tərəfdarıdır: “Məncə, belə olsa, yaxşıdır. Bu, əvvəllər olan “5+2” kimi bir şeydir. Hesab edirəm ki, legioner limitini azaltmaq lazımdır ki, öz futbolçularımızın daha çox meydanda olub, oynamasına imkan yaransın. Onsuz da Azərbaycana yüksək səviyyəli legionerlər gəlmirlər. Gələnlər də daha çox pulu düşünürlər, nəticə onlar üçün 2-ci dərəcəlidir. Azərbaycanlı futbolçular niyə yoxdur ki? Klublar əvəzedici heyətlərindən futbolçular cəlb edə bilərlər”.

Veteran futbolçu klublarımızda heyətin çox hissəsinin legionerlərdən təşkil olunmasından narahatdır: “Onsuz da beynəlxalq səviyyədə böyük uğurumuz yoxdur. Belədirsə, onda elə qoy öz futbolçularımız oynasın. Beynəlxalq miqyasda böyük uğur qazansaydıq, məsələnin üstünə düşməzdim. Deyərdim ki, lap 8-10 legioner oynasın. Axı belə nailiyyət yoxdur. Gəlmələr də nisbətən az fayda verir. Avropanın ən güclü klubları avrokuboklara böyük uğurlar qazandıqları üçün pul buraxaraq, heyətin 70-80 faizini legionerlərlə gücləndirirlər. Ancaq avrokuboklarda uğurları olmayan ortabablar daha çox yerli futbolçulardan təşkil olunurlar”.

İK-nın üzvü Türkiyə futbolunda baş verənləri nümunə göstərib: “Türklər vaxtilə 4-5 tanınmış, səviyyəli legionerləri gətirərək, çevriliş etdilər və futbolda inkişafın əsasını qoydular. Həmin vaxt onlar düzgün yolda idilər. Ancaq sonradan klublar legionerləri gətirdilər və nəticədə yerli futbolçuları ehtiyatda qaldı. Bu, Türkiyə yığmasına mənfi təsir göstərdi və indi onun uğursuzluğu göz qabağındadır”.

Cavadov bildirib ki, əvvəllər yığmamızda milliləşən legioner çox olsa da, nəticə qazanmamışıq: “İndi millidə daha çox öz futbolçularımız oynayırlar. Ancaq onların bir çoxunun yaşlarına görə milli komandadan getmək vaxtı çatıb. Gərək gənc futbolçularımız oynasın ki, milliyə yolları açılsın, gedənləri əvəz etsinlər. Fikrimcə, limit siyasətini indidən düzgün müəyyənləşdirməliyik. Əks halda, sonra gec olacaq. Lazım gələrsə, İcraiyyə Komitəsinin iclasında limitlə bağlı təkliflərimi edəcəyəm”.

Qeyd edək ki, çempionatımızda cari mövsümdən legioner limiti "8+3"dür.

Mehman SÜLEYMANOV
0