“Neftçi” derbi öncəsi problemlə üzləşdi
03.03.2011 - 00:02
“Neftçi” derbi öncəsi problemlə üzləşdi
“Neftçi” “Xəzər Lənkəran”la Azərbaycan kubokunun ilk 1/4 final oyunu öncəsi heyətlə bağlı problemlə üzləşib. Bu barədə apasport.az saytına komandanın baş məşqçisi Arif Əsədov məlumat verib.

O, ötən ilin sonunda zədələnməklə uzun müddətə sıradan çıxan braziliyalı sol cinah oyunçuları – müdafiəçi Alessandro Vyana da Silva ilə Flavinyonun durumundan danışıb: “Alessandro artıq komandaya qoşulsa da, onun fiziki durumunu yüksəltmək lazımdır. Test normativləri götürməklə, bunun üzərində işləyirik. Həmin normativlərə baxaraq, funksional hazırlığın qaldırılmasına çalışırıq. Flavinyonun zədəsi var. Problem odur. O, MOİK-lə görüşdən sonra fərdi məşqlərə qoşulub. Braziliyalı futbolçularımızın oynayacağı hələ sual altındadır”.

Qeyd edək ki, ilkin mərhələnin son turunda cəza üzündən oynamayan braziliyalı müdafiəçi Denis Silva ilə yarımmüdafiəçi Slavço Georgiyevski “Xəzər Lənkəran”la görüşdə iştirak edə biləcəklər.

Mehman SÜLEYMANOV