Elnur Abdullayev: “Xəzər Lənkəran” potensialını tam açmayıb
03.03.2011 - 00:00
Elnur Abdullayev: “Xəzər Lənkəran” potensialını tam açmayıb
“Görüşə yaxşı hazırlaşmışıq. Ağır oyunlarımız arxa-arxaya düşdü”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun yarımmüdafiəçisi Elnur Abdullayev deyib.

Qışda cənub təmsilçinə keçən 25 yaşlı futbolçu bildirib ki, bu gün “Neftçi” ilə kubokun 1/4 final matçında ümidverici nəticə qazanacaqlarına inanır. Premyer Liqanın son 2 turunda AZAL və “İnter”lə üzərində qələbə qazanan “ağ-yaşıllar”ın oyunçusu bu baxımdan “Neftçi”nin meydana daha rahat çıxacağını düşünür: “Çünki “Neftçi” son 2 oyunda zəif rəqiblərlə qarşılaşıb. Onlar sonuncu oyunda MOİK-lə, əvvəlki turda isə “Simurq”la üz-üzə gəliblər. Bizim qədər güc sərf etməyə ehtiyac olmayıb”.

Abdullayev buna baxmayaraq, baş məşqçinin çıxış yolu tapacağını düşünür: “Heyətimiz genişdir. 25 futbolçu var. Baş məşqçi kimi meydana buraxacağını bilir. Yəqin ki, ağır oyunların təsiri olmayacaq”.

Komandasının fasilədən sonra daha yaxşı oyun sərgilməsi fikri ilə razılaşan Elnur tədricən bundan da baxımlı oyun ortaya qoyacaqlarını qeyd edib: “Xəzər Lənkəran” get-gedə potensialını açır. Qışda yeni gələn futbolçular öz oyunlarını tam şəkildə ortaya qoya bilmirlər. Ancaq turdan tura hadisələrin inkişafı yaxşılığa doğru dəyişəcək. Mükafatlar uğrunda əsas rəqibimiz təkcə “Neftçi” deyil. “Qarabağ”ın da adını xüsusi qeyd etmək istəyirəm. Onlar da yaxşı oyun nümayiş etdirirlər”.