Arif Əsədov: Fikirləşmədən öz insanlıq borcumu yerinə yetirdim
02.03.2011 - 17:03
Arif Əsədov: Fikirləşmədən öz insanlıq borcumu yerinə yetirdim
“Əgər insanın imkanı varsa, xəstələrə əl tutmalıdır. Mən də boynuma düşəni etdim və deyilən kimi, fikirləşmədən öz insanlıq borcumu yerinə yetirdim. Burada qeyri-adi heç nə yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

41 yaşlı çalışdırıcı xeyirxahlıq edib. Belə ki, Əsədov təcili cərrahiyyə əməliyyatına ehtiyacı olan 14 yaşlı Əmrah Əliyevə maddi yardım göstərib: “Mənə bir qadın zəng etmişdi. O, kömək lazım olduğunu bildirdi. Məndən qabaq yardım edənlər də var. Məmnuniyyətlə razılıq verdim. Həmin xəstənin ünvanını, telefonunu mənə verdilər. Bayıl qəsəbəsində yaşayırlar. Evlərinə gedib, 500 manat yardım etdim”.

Əsədov gələcəkdə də imkanı daxilində ehtiyacı olanlara kömək etməyə hazırdır: “Allah hamıya kömək olsun. Biz insanıq və heç kim bu həyatda əbədi yaşamır. Çalışmaq lazımdır ki, ehtiyacı olanlara kömək edəsən. Mən bunu ürəkdən, sevə-sevə etdim. Təki həmin insan nədənsə bəhrələnsin. Əsas odur ki, maddi yardımın ona xeyri olsun”.

Qeyd edək ki, “İnter”in futbolçuları və məşqçi heyəti də həmin xəstə uşağa kömək ediblər.

Mehman SÜLEYMANOV
0