Mahir Şükürovun haqqı tapdalanır
03.03.2011 - 00:08
Mahir Şükürovun haqqı tapdalanır
“Anji” rəhbərliyi Azərbaycan yığmasının futbolçusu Mahir Şükürova müsahibə verməyə qadağan edib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçinin ötən ilin yanvarından şərəfini qoruduğu Mahaçqala təmsilçisində son vaxtlar işləri yaxşı getmir.

“Anji”nin Türkiyədəki son hazırlıq mərhələsindən kənarda qalaraq, gənclər komandasının heyətində Türkmənistanda beynəlxalq turnirə qatılan Mahir bu il ilk rəsmi oyunda da meydana çıxmadı. Bu, “Anji”nin “Zenit”ə 1/8 finalda 2:3 hesabı ilə uduzaraq, Rusiya kubokundan kənarda qaldığı Qroznıdakı ev oyunu oldu.

Təbii ki, Şükürovdan soruşacağımız çox şey vardı və milli komandamızın xaricdəki yeganə futbolçusunu diqqətdə saxlayırıq. Bu mənada Mahirlə əlaqə saxlamaq cəhdimiz nəhayət, baş tutdu. Futbolçumuzun özü müsahibə verməkdə problem görməsə də, onu düşdüyü vəziyyətdə başa düşməyimizi istədi: “Klubdan müsahibə verməyimə icazə vermirlər. Danışıram, sonra başım ağrıyır, məni cərimələyirlər. Sizi də başa düşürəm, vəziyyətimlə maraqlanırsınız”.

Mahirdən onu öyrənə bildik ki, zədə problemi var: “Hazırda Mahaçqaladayam. Oynamamağı zədə üzündəndir. Bu gün (dünən-red) həkim müayinəsindən keçdim. İki həftədən sonra yaşıl meydana qayıda bilərəm”.

Qeyd edək ki, Şükürov ötən il azərbaycanlı jurnalistləri verdiyi müsahibələr geniş əks-səda doğuraraq, “Anji”də birmənalı qarşılanmamış, daha çox narazılıq doğurmuşdu. Mahirə milli komandamızın Dubaydakı təlim-məşq toplanışında Macarıstan yığması ilə yoldaşlıq görüşündən sonra (0:2) da yaxınlaşaraq, müsahibə götürməyə çalışsaq belə, danışmaq istəməmişdi.
0