Marko Bunyevçeviç: İkinci hissədə yorğunluq hiss olunurdu
03.03.2011 - 00:15
Marko Bunyevçeviç: İkinci hissədə yorğunluq hiss olunurdu
“Vacib olan qələbə idi. Biz də işimizin öhdəsindən gəldik”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL klubunun yarımmüdafiəçisi Marko Bunyevçeviç deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Turan”la qarşılaşan AZAL ilk oyunda inamlı qələbə qazanıb. Rəqib qapısından iki cavabsız top keçirən paytaxt təmsilçisi öz qapısını toxunulmaz saxlamaqla, cavab oyununa bir qədər rahat yollanmağı bacarıb.

Qarşılaşma barədə danışarkən, serbiyalı futbolçu xüsusilə də ikinci hissədə yorulduqlarını etiraf edib: “Fasiləyə qədər lazım olan qolları vurduq. Ağır oyun oldu. İkinci hissədə hesabı qorumağa çalışdıq. Həm də bir qədər yorğunluq hiss olunurdu. Buna görə də müdafiəyə daha çox diqqət yetirdik”.

Kubok oyunu üçün ilk matçda yaxşı nəticə qazanmalarına baxmayaraq, yarımmüdafiəçi cavab görüşündə diqqətli olmalı olduqlarını vurğulayıb: “Evdə 2:0 hesabı ilə qələbə qazanmaq yaxşı nəticədir. Bu səfər oyunu öncəsi bizim üçün yaxşı üstünlük olacaq. Ancaq arxayınlaşmağa əsas yoxdur. Yenə 90 dəqiqə mübarizə aparmalıyıq. Rəqib də xoş təsir bağışladı”.