“O formanı şərəflə geyinməyə qadirəm”
03.03.2011 - 16:04
“O formanı şərəflə geyinməyə qadirəm”
“Simurq” klubunun futbolçusu Fərid Quliyevin apasport.az saytına müsahibəsi

- “Simurq”a uyğunlaşa bilmisən?
- Yeni gələndə bir qədər çətinlik çəkdim. Çünki uzun müddət idi oynamırdım. Yavaş-yavaş komandaya öyrəşməyə çalışdım. Hələlik işlər pis getmir.

- İddialı komandadan autsayderin düşərgəsinə yollanmaq heç də asan deyil. Hər iki klubun düşərgəsində fərqli atmosfer hökm sürür...
- Düz deyirsiniz. Ancaq bu situasiya ilə tanışam. Ötən il də “Standard” çempionatda qalmaq uğrunda mübarizə aparırdı. İndi məni narahat edən əsas məsələ oyun təcrübəmi artırmaqdır. Biz yaxşı oynasaq, komanda çempionatdakı yerini qoruyacaq.

- Bəs əvvəlki formanı bərpa etmisən?
- Bu bir gündə baş vermir. Tədricən formamı bərpa etməyə çalışıram. Elə “Simurq”a bu məqsədlə gəlmişəm.

- Arif Əsədovla Qyoko Hacıyevskinin keçdiyi məşqləri arasında fərq çoxdurmu?
- Hər birinin öz iş metodu var. Hacıyevskini hamı tanıyır və nəyə qadir olduğunu bilir.

- Səninlə bərabər, bir neçə futbolçu da transfer olundu. Bu gün “Simurq”un hücum xəttində rəqabət olsa da, komanda qol vura bilmir. Bunu nə ilə izah edə bilərsən?
- Rəqabətin olması yaxşıdır. Bu komandanın xeyrinə olacaq. Bundan sonra “Simurq”un daha yaxşı təsir bağışlayacağını görəcəksiniz.

- Bir ara Rusiya klublarından birinə keçmək ehtimalı var idi. Bu transfer niyə alınmadı?
- Bu söhbət yayda baş vermişdi. Ancaq həmin vaxt “Neftçi”ni seçdim və bu komanda ilə müqavilə imzaladım.

- Bəs qış fasiləsində Rusiyaya niyə getmişdin?
- Şəxsi işlərimlə əlaqədar. Yəni, hansısa transferdən söhbət gedə bilməz.

- Yenidən “Neftçi”yə dönmək ehtimalın, şansın varmı?
- “Neftçi” ilə müqaviləm var. Dönüşüm yayda reallaşa bilər. Ancaq indi “Simurq” haqda düşünürəm. Bu komandanın uğur qazanmasını istəyirəm.

- “Neftçi”də əsas heyətə düşə bilmədiyinə görə, yığmadakı yerini də itirdin. Yenidən əsas milliyə dönməyə hazırsanmı?
- Əlbəttə, geri dönmək istəyirəm. Çağırılmadım deyəndə, bir oyuna dəvət edilmədim. Bunun da səbəbi məlumdur. Bu gün “Simurq”a əvvəlki formamı bərpa etməyə, öz oyunumu tapmağa gəlmişəm. Formamı bərpa etdikdən sonra yenidən milliyə dönməyə, o formanı şərəflə geyinməyə qadirəm.

- “Simurq” haqda nə düşünürsən, bu komanda Premyer Liqadakı yerini qoruya biləcəkmi?
- Hazırda “Turan”dan 3 xal geri qalırıq. “Altılıq” oyunları isə gələn həftə başlayacaq. 10 matç keçirəcəyik. O cümlədən, “Turan”la iki dəfə qarşılaşacağıq. “Simurq”un yerini qoruyacağına inanıram.
0