“Turan”da şərait çox pisdir, məşq etməyə meydançamız yoxdur”
04.03.2011 - 00:02
“Turan”da şərait çox pisdir, məşq etməyə meydançamız yoxdur”
“Turan” klubunun baş məşqçisi Naci Şensoyun apasport.az saytına müsahibəsi

- Transfer siyasətində diqqətli olacağınızı demişdiniz. Qış fasiləsində heyətə cəlb etdiyiniz futbolçuların çıxışından razısınızmı?
- Əlbəttə, onların çıxışı məni qane edir. Çünki transfer qiymətləri yüksək deyil.

- Amma Oleq Qvelesiani heç də xoş təsir bağışlamır. İstər “Qarabağ”la, istərsə də AZAL-la oyunda onun cinahından rəqib futbolçular rahat şəkildə hərəkət edirdilər.
- Ola bilər. Təcrübəli futbolçu deyil. Bu gün Naci Şensoy Akif Tağıyevi yetişdirir. MOİK-lə oyunda 17 yaşlı futbolçunu meydana buraxdım, 90 dəqiqə mübarizə apardı, üstəlik matçı da qazandıq. Bu cür uşaqları oynatmaq üçün incə hesablar aparmaq lazımdır. Yəni, onu istədiyin vaxt meydana buraxa bilməzsən. Uduzan zaman gənclər özünəinamı itirir. İndiyə qədər belə olub. Cavid Tağıyev var, çox texnikalı futbolçudur. Ancaq birə-bir mübarizələrdə olduqca zəifdir. Ağır meydançalarda heç cür mübarizə apara bilməz. Bu gün aldığımız əcnəbilərdən danışarkən, yarımmüdafiədə oynayan Martin mənim xətrimə “Turan”a gəldi. Çünki komanda pis vəziyyətdədir və kömək etmək lazımdır. Bu gün AZAL-da oynayanlar 100 min dollarlıq oyunçulardır. Əsas məqsədimiz isə gəncləri yetişdirməkdir. Onların bir qismini əvəzedici, bəzilərini isə əsas komandada oynadıram. Mənim məşqlərimdən sonra Vurğun millinin əsas heyətində meydana çıxır. Azər və Fərmayıl U-21 yığmalara dəvət edilir. Gördüyümüz işlər bəhrəsini verməkdədir.

- İkinci “altılıq” oyunları başlayır. Nə düşünürsünüz?
- “Qəbələ”nin, “Muğan”ın kifayət qədər xalları var. Bizim 15, ən yaxın izləyicimiz olan “Simurq”un isə 12 xalı var. Fikrimcə, Premyer Liqanı “Simurq” və MOİK tərk edəcək. Biz isə bacardıqca yuxarı pillələrə doğru irəliləyəcəyik.

- Qeyd etdiyiniz kimi, futbolçularda özünəinam çox aşağı səviyyədə idi. İndi vəziyyət necədir?
- AZAL-la oyunda bunun necə olduğu aydın göründü. Biz oynadıq, AZAL uddu. Yasın iki metrlik məsafədən ayağının içi ilə qapıya düşə bilmədi. İkinci hissədə Beriaşvili şansını əldən verdi. Onlar cərimə edəndə topu əllərində saxlayırdılar, tam yerləşəndən sonra bizə verirdilər. Ancaq biz cərimə edəndə buna diqqət eləmirik, rəqib isə dərhal başladı və qol vurdu. Burda heç bir qayda pozuntusu yoxdur. FİFA oyunların sürətli keçməsini istəyir. Bizim uşaqlar isə yatırlar. Buna diqqət etmələrini oyundan əvvəl dəfələrlə söylədim. Ümumi götürdükdə, yaxşı yoldayıq. Minimum investisiya sərf etməklə, bu heyəti qurmuşuq, əla kollektivimiz var.

- Komandanın şəraiti necə, sizi qane edirmi?
- Şəraitimiz çox pisdir. Tovuza 30 santimetr qalınlığında qar yağıb. Məşq etməyə meydançamız yoxdur. Olimpiya Kompleksinin açılışı olsa da, komandanı ora buraxmırlar. Deyirlər hələ tamamlama işləri aparılır. Zalda nə qədər çalışmaq olar?
0