Səni öldürüblər, Salmanov!
03.03.2011 - 23:01
Səni öldürüblər, Salmanov!
Ölkə kubokunun 1/4 final mərhələsində “Neftçi” - “Xəzər Lənkəran” matçını izləyən cümlə Azərbaycan özünü İngiltərə vətəndaşı hiss etdi, oyunun dramatikliyi, vurulan qollar bizi bir anlıq adıçəkilən ölkənin arenalarına apardı. Amma oyunun gedişində tez-tez Azərbaycanda olduğumuzun, bu matçın da Azərbaycan hakimliyindən söz düşərkən hamının gözünə soxduğumuz Tofiq Bəhramov adına Respublika stadionunda keçirildiyinin fərqinə vardıq.

Hakimlər Komitəsinin sədri Xəqani Məmmədovun ən üzdə olan referisi Anar Salmanov biabırçı idarəçiliyi, qərəzli qərarları ilə növbəti dəfə bu ölkənin hakimliyi adına bolluca nifrət qazandı. Qazandı ki, Azərbaycan futbolunun heç bir zaman inkişaf etməyəcəyini birdəfəlik və birmənalı qəbul edək.

Qardaşım, azacıq vicdanınız varsa, ildə heç olmasa bir dəfə ədalətli olub, yüz minlərlə futbol azarkeşinin ağrıtdığınız ürəyinin səsinə qulaq asın, siz də əlinizi ürəyinizin üzərinə qoyun və etiraf edin ki, biz beləyik... İmkan vermədik bu oyunda tarix yazılsın, güclü layiq olduğu qələbəni elə layiqli şəkildə də bayram etsin.

Bir komandanın əleyhinə bu qədər qərar verməklə, kiçik toxunuşdan istifadə edib “Xəzər Lənkəran”ın cərimə meydançası qarşısında ardıcıl cərimə zərbələri təyin etməklə də, Mirça Redniki qovmaqla da, yerli-yersiz sarı vərəqələri paylamaqla da istəyinizə nail olmadınız Xəqani, Anar. Bu dəfə güclü olan sizin məlum niyyətinizi puç etdi. Bunu heç gözləmirdiniz.

Qurama penalti belə sizləri xilas etmədi Anar Salmanov, Xəqani Məmmədov. “Xəzər Lənkəran” sən Anar Salmanovu Salyanda keçirilən “Muğan”- “ Xəzər Lənkəran” oyunundan öncə onlardan rüşvət istəməkdə ittiham etmişdi. Çıxıb bunun yalan olduğunu sübut etmək əvəzinə cənub klubunu qərəzli qərarlarınla “üç xal”dan etdin.

O vaxt sənin idarəçiliyin haqqında “Anar Salmanovu öldürdülər” adlı köşə yazmışdım. Bu günkü idarəçiliyinlə yanılmadığımı gördüm. Səni öldürüblər Anar, səni ədaləti ədalətsizliyə qurban verməyə məhkum ediblər. Səncə, buna dəyərdimi? Sabah övladlarınızı “mənim atam filankəsdir” ifadəsini deməkdən mərhum etməyə, Tanrı qarşısında ədaləti qorumaq vəzifəsinə yox deməyə dəyməzdi. Lənkəran bazarında araba sürən Mirzə kişinin vicdanının mində biri sizdə yoxdur.

Bilirsən niyə? O kişi ailəsinin çörək pulunu araba sürməklə çıxarıb, hələ “ Xəzər Lənkəran” matçına baxmağa bilet də alır. Evinə dönüb kişi kimi yatır, kişi kimi evdən çıxır. Söyülmür, qarğış, nalə eşitmir. Kimlərdənsə bolluca “çox sağ ol” ala bilmək üçün şərəfini yerə atmır.

Oturun matçın videokassetinə baxın və Flavinyonun 90 dəqiqə simulyasiya hərəkətlərinə, cərimə təyin olunmaları sayına, cənublu futbolçuların hakim qərəzindən çəkinib rəqib futbolçulara yaxınlaşmağa ürək etmədiyini görün, meydanda olan legionerlərin necə güldüyünü, neçə dəfə tüpürdüyünü izləyin.

Bu axşam tüpürən çox oldu, bəylər! Çıxın növbəti dəfə efirdə hakimliyi müdafiə edin və sel kimi gələn tüpürcəkləri qəbul edin. Sən isə rahat yat, Mirzə kişi! Nə gözəldir kişi olub kişi kimi yatmaq!

Hüseyn CƏBRAYILOĞLU