Səməd Mustafayev: Hakim matçın heç-heçə bitməsini istəyirdi
04.03.2011 - 00:21
Səməd Mustafayev: Hakim matçın heç-heçə bitməsini istəyirdi
“Xəzər Lənkəran” rəhbərliyi “Neftçi” ilə ölkə kubokunun ilk 1/4 final matçındakı hakim idarəçiliyindən narazı qalıb. Bu barədə apasport.az saytına açıqlamasında komandanın rəisi Səməd Mustafayev məlumat verib. Onun sözlərinə görə, təmsil olunduğu klub baş hakim Anar Salmanovun idarəçiliyindən şikayətçidir.

“Əvvəla onu deyim ki, hakim qapımıza penalti təyin edəndə, hansısa qayda pozuntusu yox idi. Stanku rəqibə qarşı kobudluq etməmişdi. Salmanov 11 metrlik zərbə təyin etməklə, matçın heç-heçə başa çatmasını istəyirdi. Hətta Stanku özü də bildirdi ki, Flavinyoya qarşı kobudluq etməyib” – deyə, Mustafayev bildirib.

Klub rəsmisi vurğulayıb ki, Salmanov oyunun bərabərliklə başa çatmasında maraqlı idi: “Təsəvvür edin, üçüncü qolu buraxdığımız zaman rəqib futbolçumuz Elnur Abdullayevə qarşı kobud oynadı. Qayda pozuntusu Anarın gözləri qarşısında olsa da, davam işarəsi verdi. Flavinyo qapıçımız Kamran Ağayevi dirsəyi ilə vurur, amma hakim yenə susur. Komandamız hücuma atılanda isə, qayda pozuntusu olduğunu bildirir”.

Baş məşqçi Mirça Rednikin meydandan qovulmasına gəlincə, Mustafayev hakimin qərarını absurd sayır: “Rednik qırmızı vərəqəlik nəsə etməmişdi. Salmanov ona ən yaxşı halda şifahi xəbərdarlıq edə bilərdi. Hər oyunumuzda bizə 5-6 sarı vərəqə göstərirlər”.
0