“Qarşımıza kuboku qazanmaq məqsədi qoyulub”
04.03.2011 - 09:43
“Qarşımıza kuboku qazanmaq məqsədi qoyulub”
Bakının “İnter” komandasının futbolçusu Girts Karlson klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, latviyalı hücumçu Azərbaycan kubokunun 1/4 fianl mərhələsinin “Abşeron”la ilk oyunu haqda fikirlərini açıqlayıb.

- Girts, oyun asan alınmadı. Rəqib bacardığı qədər mübarizə apardı. Belə müqaviməti gözləyirdinizmi?
- “Abşeron” kifayət qədər yaxşı komandadır, bu gün onlar maraqlı oyun nümayiş etdirdilər. Kubok oyunları özünəməxsus şəkildə mürəkkəbdir. Onu da qeyd etmək lazımdır ki, məğlub olduğumuz “Xəzər Lənkəran”la oyundan sonra bərpa olunmağa çox az vaxtımız vardı. Çətin idi, ancaq əsas odur ki, qalib gəldik. Səfərdə oynamağımız da bu qələbənin əhəmiyyətini artırdı. Bilirsiniz ki, səfərdə kubok oyunlarında qalib gəlməyin dəyəri böyükdür. Ümid edirəm ki, bugünkü qələbəni cavab qarşılaşmasında da möhkəmləndirəcəyik.

- “Abşeron” üzərində qələbə “İnter”i yarımfinala çıxaracaq. Komandanın kuboku qazanmaq şansını necə qiymətləndirirsiniz?
- 1/4 final mərhələsində çıxış edən komandaların şansları bərabərdir. Həmin komandaların kubok uğrunda mübarizə aparmaq gücləri var. Öncədən qarşımıza kuboku qazanmaq məqsədi qoyulmuşdu. Bu mükafatı əldə etmək üçün əlimizdən gələni edəcəyik.

- “Birlik kuboku”nun ən sərrast oyunçusu oldunuz, Azərbaycan çempionatının son matçında və bu gün də qol vurdunuz. Qol seriyasını davam etdirmək istərdinizmi?
- Təbii ki. Çox xoşdur ki, vurduğum qol komandaya qələbə gətirdi. Gələcəkdə də komandaya fayda vermək istərdim.

- Belə təəssürat yaranır ki, hərdən sizə meydanda aqressivlik çatışmır...
- Ola bilər. Axı, həmişə qol vurmaq alınmır, həmişə rəqibin müdafiəsini yarmaq mümkün olmur. Yaşım və adi həyatda davranışım da meydanda əks oluna bilər.
0