Flavinyo “Top-5”də
04.03.2011 - 09:50
Flavinyo  “Top-5”də
Azərbaycan kubokunun daha bir iştirakçısı bombardirliyə yüksəlib. Apasport.az saytının hesablamalarına görə, Bakının “Neftçi” klubunun braziliyalı futbolçusu Flavinyo turnirin ən məhsuldar oyunçularına çatıb.

Yarımmüdafiəçi buna “Xəzər Lənkəran”la ilk ¼ final oyununda (3:4) etdiyi dublla nail olub. Özü də maraqlıdır ki, Flavinyo Azərbaycan kubokunda debütünü 2 qolla qeyd edib. Cari mövsümdən ölkəmizdə oynayan “Neftçi”nin legioneri 1/8 finalda “Gəncə” ilə səfər oyununu zədə üzündən buraxmalı olmuşdu.

Flavinyonun komandasının sonuncu qolunda makedoniyalı yarımmüdafiəçi Slavço Georgiyevskiyə məhsuldar ötürmə verdiyini nəzərə alsaq, oyunun ən yaxşılarından olub. “Xəzər Lənkəran” isə 4 qol vuran futbolçulardan heç biri bombardirlik mübarizəsində liderlər qrupunda yer almayıb.

Qeyd edək ki, hazırda bombardirlər siyahısında 5 futbolçu 2 qolla liderliyi bölüşdürür. Bunlar Flavinyo ilə yanaşı, “İnter”dən Rövşən Əmiraslanovla latviyalı Girts Karlson, “Gəncə”dən Ceyhun Sultanov, “Abşeron”dan Emin Mehdiyevdir. Ancaq onlardan “Gəncə” kubokda mübarizəni dayandırdığından, Ceyhun qol sayını artırmaq imkanına malik deyil.

Mehman SÜLEYMANOV
0