“Neftçi” üçün “Verder” və “Deportivo” nümunəsi
04.03.2011 - 15:33
“Neftçi” üçün “Verder” və “Deportivo” nümunəsi
“Azarkeşlər super qarşılaşmanın şahidi oldular. Çoxdan idi futbolumuzda belə maraqlı, gərgin qarşılaşma izləməmişdik. Fikrimcə, bu cür oyunlar yalnız Azərbaycan futbolunun inkişafına xidmət edir”. Apasport.az saytının məlumatına görə, bu sözlərii “Neftçi” klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu deyib.

O, Azərbaycan kubokunun 1/4 mərhələsi çərçivəsində keçirilən "Neftçi" - "Xəzər Lənkəran" oyunu ilə bağlı fikirlərini açıqlayıb. Əşrəfoğlu öz meydanında 3:4 hesabı ilə uduzan komandası üçün “Verder” və “Deportivo” nümunələrinin olduğunu bildirib: "Neftçi" rəqibinə öz meydanında məğlub olsa da, bu hələ son deyil. Qarşıda cavab oyunu var və "Neftçi" növbəti mərhələyə çıxmaq üçün bütün var qüvvəsi ilə mübarizə aparacaq. Futbolda bu cür hallara tez-tez rast gəlmək olur. Futbol həvəskarları Avropa kuboku çərçivəsində keçirilən "Spartak" - "Verder", "Milan" - "Deportivo" qarşılaşmalarını yəqin ki, yaxşı xatırlayırlar. İlk oyunlarda "Spartak" və "Milan" rəqiblərini 4:1 hesabı ilə məğlub etsələr də, müvafiq olaraq 2:6 və 0:4 hesabları ilə uduzaraq, kubok yarışlarından kənarda qalıblar. İnanıram ki, biz Lənkəranda baş tutacaq cavab oyununda yenə gözəl atmosferin və super matçın şahidi olacağıq".

Əşrəfoğlu bərbad hakimlikdən gileylənən "Xəzər Lənkəran" klubunun futbolçularının və baş məşqçisinin fikirləri ilə razı deyil: "Xəzər Lənkəran"lılar iddia edirlər ki, görüşü idarə edən hakimlər "Neftçi"nin tərəfini saxlayıblar. Bu cür fikirlər səsləndirmək gülünc doğurur. Məgər Mirça Rednik və onun futbolçuları bu komandalar arasında 20 gün əvvəl Bakıda keçirilən çempionat oyununu xatırlamırlar? Əgər yadlarına düşmürsə, mən onlara xatırladım. Həmin oyunda Bahodir Nasimova qarşı kobudluqlara hakim iki dəfə göz yumdu və "Xəzər Lənkəran"ın qapısına 100 faizlik penaltiləri vermədi. Daha sonra evində AZAL-ı qəbul edən "Xəzər Lənkəran"ın referinin köməkliyi ilə "təyyarəçilər"ə necə qalib gəldiyini bütün Azərbaycan gördü. Bax, onda Rednik niyə səsini çıxarmırdı? İndi başlayıb düzgünlükdən dəm vurmağa...”.

“Neftçi” rəsmisi rəqibin baş məşqçisi və futbolçularının düzgün hərəkət etməməkdə ittiham edir: “Rumıniyalı məşqçi oyun boyu emosional hərəkətləri ilə hər iki klubun azarkeşləri arasında iğtişaşların yaranmasına səbəbkar oldu. Məhz onun hakimlərin qərarına hər etirazı azarkeşlər arasında "söyüş deyişməsinə" gətirib çıxarırdı. İki klubun rəhbərliyi arasında gözəl münasibətlər var. Rednik kimilər bu münasibətlərə nifaq gətirə bilməz. "Neftçi" məğlubiyyətləri peşəkar səviyyədə həzm edə bilir və hamı da yaxşı başa düşür ki, ilk görüşdə alınan məğlubiyyət heç də dünyanın sonu demək deyil. Rəqib komandanın Elnur Abdullayev, Kamran Ağayev və Vobaya isə məsləhət görərdim ki, boş-boş danışmaqdansa, gedib futbollarını oynasınlar. "Neftçi"nin heç kimin köməyinə ehtiyacı yoxdur. Klubumuzda Azərbaycan futbolunun inkişafı naminə görülən işlər göz qabağındadır. "Neftçi" səmimi, qayğıkeş və həyatını idmana həsr edən Sadıq Sadıqov kimi prezidenti var və belə insana yalnız çempionluq yaraşır. İnşallah, bu istəyimiz tezliklə reallaşacaq".
0