Mişel Platininin müşaviri: AFFA qürur duya bilər
04.03.2011 - 17:05
Mişel Platininin müşaviri: AFFA qürur duya bilər
“AFFA-nın Konfransında iştirak edənləri salamlayıram. Burda hər birinizi görməyə çox şadam. Futbol asan və maraqlı oyundur. Ancaq onun inkişafı çox çətindir. Bunun üçün müxtəlif tədbirlər həyata keçirmək lazımdır”. Apasport.az saytının məlumatına görə, bu fikirləri UEFA prezidenti Mişel Platininin I müşaviri Paskal Torres deyib.

Qitə futbol qurumunun rəsmisi bu gün AFFA-nın İcraiyyə Komitəsinin, ardından XVIII Konfransında qonaq kimi iştirak etdi. Bunadək də ölkəmizdə işgüzar səfərdə olan Torres çıxışında futbolun inkişafı məqsədilə AFFA-nın həyata keçirdiyi tədbirlərin UEFA tərəfindən diqqət mərkəzində saxlanıldığını və yüksək qiymətləndirildiyini bildirib: “Futbolun inkişafı 3 pillə ilə bağlıdır. Birincisi, kütləvilikdir. AFFA-ya deyərdim ki, özünüzlə qürur duya bilərsiniz. İkinci infrastrukturdur ki, bununla bağlı son vaxtlar çox iş görmüsünüz. Nəhayət, 3-cü amil olan təşkilatçılıq da yüksək səviyyədə qurulub. Artıq peşəkar futbolçularınızın sayı 15 mindən çoxdur. Bu, futbolunuzda inkişafın səviyyəsini göstərir. Bunda əməyi olan bütün insanlara minnətdar olmaq lazımdır. Peşəkarlıq amili xüsusilə qeyd olunasıdır”.

Platininin müşaviri FİFA-nın 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatının final mərhələsinin Azərbaycanda keçirilməsini xüsusi qiymətləndirib: “Bu, çox əhəmiyyətli addımdır. Həmin dünya çempionatı qadın futbolunuzun inkişafına böyük təkan olacaq. İnanıram ki, bütün futbol ictimaiyyətiniz bu mötəbər yarışda iştirak edəcək”.

Mehman SÜLEYMANOV