“Azərbaycan millisində əsas yük 6 oyunçunun üzərinə düşür”
05.03.2011 - 00:03
“Azərbaycan millisində əsas yük 6 oyunçunun üzərinə düşür”
“Bilirik ki, Azərbaycan yığmasında əsas yük 6 futzalçının üzərinə düşür. Biz bunu dərk edirik. Artıq bu istiqamətdə işlər görülür”. Bu sözləri apasport.az saytına açıqlamasında Futzal Federasiyasının prezidenti Zaur Axundov deyib.

Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan milli komandamız əsas mərhələnin sonuncu oyununda İspaniya yığmasına uduzmaqla, qrup lideri olmaq şansını əldən verib. Əksər mütəxəssislər, millimizin məğlubiyyətində əsas səbəb kimi heyətin geniş olmamasını göstərib.

Həqiqətən də əsas yük qapıçı istisna olmaqla, 6 meydan oyunçusu üzərinə düşürdü. Əvəzedicilərin isə onları meydana layiqincə əvəzləyəcək gücdə olmadıqları oyunlar zamanı açıq-aydın görsənirdi. Bu fikirlə razılaşan federasiya rəhbəri bu istiqamətdə çalışmalara başladıqlarını qeyd edib: “Bu gün 10-12 futzalçı var ki, hazırda baş məşqçi onları yetişdirilməsinə çalışır. Avropa çempionatının final mərhələsinə qədər həmin futzalçıların hazır olacağını düşünürəm”.

Axundov kənardan futzalçı gətirib milliləşdirməyəcəklərini də qeyd edib: “Ancaq yerli ftuzalçılar hesabına millini gücləndirəcəyik. Kənarda heç kimi dəvət etməyəcəyik”.
0