Rail Məlikov: “Neftçi”sevərlərdən üzr istəyirəm
05.03.2011 - 16:30
Rail Məlikov: “Neftçi”sevərlərdən üzr istəyirəm
Bu gün "Neftçi" klubunun rəhbərliyi məşqçilər heyəti və futbolçularla görüşüb. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, toplantıda prezident Sadıq Sadıqov komandanın “Xəzər Lənkəran”la ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə üstün oyun nümayiş etdirməsinə baxmayaraq, məğlubiyyətə uğradığını bildirib. Sadıqov bu məğlubiyyətdən nəticə çıxarmağın vacibliyini məşqçilər və futbolçuların diqqətinə çatdıraraq, martın 8-də Lənkərandakı cavab görüşündə, eləcə də Premyer Liqanın “altılıq” oyunlarında komandanın məzmunlu oyunu ilə azarkeşlərə qələbə sevinci yaşadacaqlarına əminliyini bildirib.

Görüşdə "Neftçi"nin baş məşqçisi Arif Əsədov göstərilən etimada görə klub prezidentinə təşəkkürünü bildirib. O, Sadıqovun tapşırığına əsasən "Neftçi"də yerli və gənc perspektivli futbolçulara üstünlük verildiyini, son vaxtlar klubda işlərin peşəkar səviyyədə qurulduğunu qeyd edib. Əsədov məhz bu işlərin davamı olaraq "B" komandasının yaradılmasının önəmliyini söyləyərək, gələcəkdə burada əsas komandaya yerli gənc futbolçuların hazırlanacağına inandığını bildirib.

Sonra "Neftçi"nin kapitanı Rail Məlikov danışaraq, aldıqları son məğlubiyyətin bir daha təkrarlanmayacağı üçün futbolçuların meydanda sonadək mübarizə aparacaqlarını söyləyib. Rail həmin oyunun 79-cu dəqiqəsində əvəz olunarkən, baş verən hadisə ilə də bağlı fikirlərini bildirib: "Həmin anda məğlub durumda olduğumuz üçün çox əsəbi idim. Bilirsiniz ki, futbolçular əvəz olunarkən əynindəki formanı çıxarıb inzibatçıya təhvil verir, əvəzində isə isti paltar alır. Mən də öz növbəmdə formamı çıxararaq inzibatçıya vermək istədim. İnanırsınız, əsəbi olduğuma görə həmin anı heç xatırlamıram da. Mən "Neftçi" kimi tarixi olan bir komandanın kapitanıyam və heç bir zaman onun atributlarına hörmətsizlik etmərəm. Uşaqlıqdan bu komandanın azarkeşi olmuşam və əgər hər hansı səhvim varsa, ürəyi "Neftçi" ilə döyünənlərdən üzr istəyirəm".

Görüşün sonunda Sadıqov hər zaman komandaya dəstək olacağını və "Neftçi"nin gələcək görüşlərdə qələbələrini sıralayacağını bildirib.