“Neftçi” sözünü yaşıl meydana deyir”
06.03.2011 - 15:04
“Neftçi” sözünü yaşıl meydana deyir”
Bakının “Neftçi” klubu bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi komandanın oyunlarındakı hakim səhvlərinin qabardılmasını düzgün saymır. Bəyanatda komandanın hakimlərin köməyi ilə xallar qazanılması haqda yayılan xəbərlərin həiqəti əks etdirmədiyi bildirilir: “Son zamanlar "Neftçi"-"Xəzər Lənkəran" görüşlərində və ümumilikdə komandamızın oyunlarında hakim qərəzi ilə bağlı əsassız xəbərlər yayılmaqdadır. Təəssüflər olsun ki, bəzən ölkə futbolunun inkişaf etməsində böyük töhfələri olan Azərbaycan futbolunun flaqmanı "Neftçi"nin hakimlərin köməyi ilə qələbələr qazandığını sübut etmək istəyənlər var. Daim adı 100 yaşı olan Azərbaycan futbolu ilə yanaşı çəkilən "Neftçi"nin belə olaylarda adının hallandırılmasını klub rəhbərliyi olaraq şiddətlə qınayırıq. Flaqman hər zaman meydanda güclü olanın qalib gələcəyi prinsipini əsas tutaraq, əsl sözünü yaşıl meydana deyir. Biz Azərbaycanda futbolun inkişafı üçün çalışan hər bir komandanı, klub rəhbərini alqışlayırıq”.

Bəyanatda “Xəzər Lənkəran”la oyunun hakimlər briqadasının da qərəzsiz idarəçiliyi əks olunub: "Xəzər Lənkəran"la oyunlarda hakimlərin "Neftçi"yə yardım etməsi haqqında fikirlər isə qəbuledilməzdir. Bu söz-söhbətləri aradan qaldırmaq üçün bu klubla görüşlər oyunumuza qarşı tərəf Hakimlər Komitəsindən hansı hakimi istəyirsə, müvafiq qurumlardan xahiş edərək həmin ədalət təmsilçisinin fit çalmasına nail olsun. Əgər rəqib Azərbaycan hakimlərinə etibar etmirsə, "Neftçi" PFK tələb edir ki, bir çox ölkələrin praktikalarında olduğu kimi xaricdən hakimlər dəvət edilməsini təmin etsinlər. Biz də buna dəstək verəcəyik. "Neftçi"nin əvvəlki əzəmətini geri qaytarması, Azərbaycan Premyer Liqasına olan marağı hədsiz dərəcədə artırıb. "Neftçi" PFK bir daha bəyan edir ki, süni şəkildə klubun ətrafında yaradılan ajiotaja son qoyulsun.
0