“Qarabağ” FİFA-dan şad xəbər aldı
07.03.2011 - 15:00
“Qarabağ” FİFA-dan şad xəbər aldı
Azərbaycan yığmasının sabiq futbolçusu İlqar Qurbanov karyerasını “Qarabağ” klubunda davam etdirə biləcək. Apasport.az saytının məlumatına görə, 2 aydır komandanın düşərgəsində olan 24 yaşlı yarımmüdafiəçinin keçidi həll edilib.

İlqarın “Qarabağ”da debütünə onun sabiq komandası “Mersin İdman Yurdu” ilə arasındakı problem imkan vermirdi. Belə ki, Türkiyə çempionatının aşağı dəstə təmsilçisi legionerinin lisenziyasını vermirdi. Lakin məsələyə baxan FİFA Qurbanovun “Qarabağ”a keçidində heç bir əngəl olmadığını və “Mersin İdman Yurdu”nun iddialarını əsassız olduğunu təsdiqləyib.

Türkiyə çempionatında heyətə düşməkdə çətinlik çəkən yarımmüdafiəçi nəhayət ki oynaya biləcəyi ilə bağlı fikirlərini “Qarabağ”ın rəsmi saytına açıqlayıb: “Təbii ki, məsələnin həll olunmasına sevinirəm. Axı, burda mənim heç bir günahım yox idi. İndi qalır, başımı aşağı salıb hazırlaşmaq. Qarşıda bizi 10 final oyunu gözləyir. Komandada rəqabət böyükdür. Səylə məşqlərə davam edirəm. Baş məşqçimizin mənə verəcəyi şansı gözləyirəm. Mənə verilən şansdan maksimum yararlanmaq istəyirəm”.

Qeyd edək ki, İlqar mersinlilərin heyətində keçirdiyi yarım ildə 7 oyuna çıxaraq 1 sarı vərəqə ilə “fərqlənmişdi”.
0