Arif Əsədov AFFA-nın qərarına şərh verməkdən boyun qaçırdı
07.03.2011 - 16:09
Arif Əsədov AFFA-nın qərarına şərh verməkdən boyun qaçırdı
“Əvvəl də demişəm ki, kubok 2 oyundan ibarət olduğundan, qalib sonda müəyyənləşir. Bu mənada yarımfinala çıxmaq ümidimizi itirməmişik və sona kimi mübarizəmizi aparacağıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.

Azərbaycan kubokunun 1/4 final mərhələsində evdə “Xəzər Lənkəran”a 3:4 hesabı ilə uduzmaqla, növbəti mərhələyə çıxmaq şansını azaldan paytaxt təmsilçisi sabah Lənkərandakı cavab oyununda çətin vəzifəni yerinə yetirməlidir. Bu isə 2 top fərqi qalib gəlməkdən ibarətdir.

Əsədov yetirmələrinin qarşıda duran vəzifənin öhdəsindən gəlməsinə inanır: “Əlbəttə, komandama inamım böyükdür. İstənilən halda, Azərbaycanda oynayırıq. Fərqi yoxdur, oyun Lənkəranda, yaxud Bakıda keçirilir. Biz ilk növbədə ev-səfərlə bağlı bu kimi fikirləri başımızdan çıxarmalıyıq. “Xəzər Lənkəran” Bakıda qalib gəldisə, niyə də biz bunu Lənkəranda etməyək? Hesab edirəm ki, komandamız da səfərdə qalib gələ bilər. “Xəzər Lənkəran”a evdə uduzsaq da, futbolçularımız xüsusilə 2-ci hissədə yaxşı oyun nümayiş etdirdilər”.

“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Bakıdakı ilk oyunda etdiyi qeyri-etik hərəkətlərinə görə AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclasında 5 oyunluq cəzaya məruz qaldı. Bu isə rumıniyalı mütəxəssisin cari mövsümdə turnirdə bir daha texniki zonada ola bilməyəcəyi deməkdir. Görəsən, Əsədov rəqibin baş məşqçisinin olmamağını özləri üçün üstünlük sayırmı?: “Bu, AFFA-nın qərardır və onu şərh etmək səlahiyyətimə daxil deyil. Belədirsə, fikir bildirməyim, Rednikin cəzalanmağının üstünlük olub-olmamağı haqda danışmağım düzgün olmazdı. Yəni bu, mənə aid məsələ deyil”.
0