Mahir Şükürov 1 gün gecikəcək
09.03.2011 - 12:16
Mahir Şükürov 1 gün gecikəcək
Rusiyanın “Anji” klubunun Premyer Liqanın II turunda “Zenit”lə səfər oyununun vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburqdakı görüş öncədən planlaşdırıldığı kimi martın 20-də yox, bir gün sonra keçiriləcək. Bu da “Zenit”in martın 17-də Avroliqanın 1/8 final mərhələsində Hollandiyanın “Tvente” klubu ilə evdə cavab oyununa çıxması ilə bağlıdır.

Bu dəyişiklik həmyerlimiz Mahirin milli komandamıza gəlişinin ən azı 1 gün sonraya qalması deməkdir. Məlum olduğu kimi, yığmamız martın 19-da Almaniyaya təlim-məşq toplanışına yollanaraq, Belçika ilə 10 gün səfərdəki rəsmi oyuna orada hazırlaşacaq. Şükürov hazırda zədəli olsa da, onun həmin vaxta kimi sağalacağı gözlənilir. Futbolçumuz “Zenit”ə qarşı ölkə kubokundakı kimi oynamasa da, “Anji”nin düşərgəsində yer alacaq.

Qeyd edək ki, “Anji” ilk turda martın 12-də debütant “Krasnodar”ı qəbul edəcək.
0