Ramiz Məmmədov: Bu, mənə böyük zərbədir - MÜSAHİBƏ
10.03.2011 - 13:21
Ramiz Məmmədov: Bu, mənə böyük zərbədir - MÜSAHİBƏ
“Atırau” klubunun azərbaycanlı baş məşqçisi Ramiz Məmmədovun Qazaxıstan mətbuatına müsahibəsi

- Bildiyimizə görə, ananız vəfat edib. Buna görə başsağlığımızı qəbul edin. İndi sizə futbola köklənmək nə dərəcədə çətindir?
- Bəli, yaxında anamı dəfn etdim. Açığı, hər şey gözlənilməz oldu. Əlbəttə, biz yetkin insanlarıq və hər şeyə hazır olmalıyıq. Ancaq istənilən halda, bu, mənə böyük zərbədir. Komandaların sifariş olunması başlayan zaman dəfnlə əlaqədar 7 gün burda ola bilmədim. Xalqlarımızda oxşar adətlər var – üç, yeddi, qırx verilir. Bizdə legionerlərin qeydiyyatı ilə bağlı çətinliklər oldu. Allaha şükür, rəhbərlik bütün məsələləri operativ həll etdi. 4 legioneri sifariş etdik. Biri qalmışdı ki, onun da məsələsini çempionatın startına qədər yoluna qoya bildik. İndi mənə çətin olduğunu inkar etmirəm. Əlbəttə, yaxın adamını itirəndə, insana çox ağırdır. Üstəlik, evdən uzaqda qalmışam. Ancaq yavaş-yavaş öyrəşirəm. Başqa çarəmiz yoxdur.

- Qazaxıstanda işləyən ilk azərbaycanlı məşqçisiniz. Sizin nəticələrə əsasən bütün Azərbaycan futboluna qiymət veriləcək. Buna hazırsınız?
- Hər şeyi gözəl başa düşürəm. “Qəbələ”də 4 il işlədiyim dövrdə az uğurlar qazanmadım. Ümid edirəm ki, onları burda da təkrarlayacağam. Bilirəm ki, bütün Azərbaycan “Atırau”nu izləyir, komandamıza azarkeşlik edir. Başa düşürəm ki, burada çətinliklər olacaq. Axı biz yalnız müqaviləyə görə işləməyə gəlməmişik. Məqsədimiz Qazaxıstan futboluna öz töhfəmizi verməkdir.

- Deyilənə görə, azərbaycanlı futbolçular topla daha yaxşı davranırlar, ancaq rejimə əməl etməklə aşkar çətinlikləri var. Bu, doğrudur?
- Deyərdim ki, bunlar azərbaycanlı futbolçular yox, Azərbaycan çempionatından olan legionerlərdir. Onlar çoxdur və özlərini rahat hiss edilər. Çox vaxt da bu, Bakıda baş verir. Paytaxtımız gözəl və müasir şəhərdir. Çoxlu restoranlar, diskotekalar var. Orada əcnəbilər daha çox rejimi pozurlar, sonradan bu haqda yazırlar. Azərbaycanlılar isə gəlmələrdən daha intizamlıdırlar. Məni Qazaxıstanda sevindirən bütün futbolçuların işlərinə çox peşəkar yanaşmalarıdır.

- Premyer Liqamızda işləyən bütün məşqçilər Qazaxıstan vətəndaşı olan səviyyəli futbolçuların qıtlığından gileylənirlər. Siz yerli futbolçuların çatışmazlığını hiss etmisiniz?
- Mən “Atırau”ya gələndə ötən mövsümkü heyətin 30 faizi qalmışdı. Bəlkə də az idi. Antalyaya ilk toplanışa 16 futbolçu gəlmişdi. Bunlardan 6-sı əvəzedici heyətdən, bir neçəsi isə baxışda idi. Başa düşürsünüz, bu, böyük problemdir. Ancaq biz yeni komanda yığa bildik. Rəhbərliyin peşəkar işini qeyd edərdim. Onlar yeni futbolçuları tez tapa bildilər. Fikrimcə, hamı ağıllı işlədi. Axı futbolçular kimin müqaviləsinin bitdiyini, kimin sərbəst olduğunu, təlim-məşq toplanışına gələ bildiyini daha yaxşı bilirlər. Hesab edirəm ki, 2 aylıq hazırlığı çox məhsuldar keçirdik. İstədiyimiz bütün futbolçuları sifariş etdik. Yalnız Hollandiyadan bir legioner – Kiran Bexan qalmışdı ki, o, çox xoşumuza gəldi. Onun qeydiyyatı ilə bağlı bəzi çətinliklər yarandı. Ancaq bizə sənədləşmə işlərində çox kömək edən Qazaxıstan Futbol Federasiyasına çox minnətdarlıq etmək istərdim.

- Hollandiya ilə yanaşı, “Atırau”da 2 braziliyalı, argentinalı və nigeriyalı oynayır. Legionerlər tələblərinizə yüz faiz cavab verir?
- Mən futbolçunu seçəndə, pasportuna baxmıram. Əsas meydanda özünü göstərməyi, mənim ondan gözlədiyimi almaqdır. Məsələn, argentinalı Xavyer İqnasio Leon. Bilirik ki, bu ölkədə əla futbolçular hazırlayırlar. Avropanın hər bir böyük klubunda Maradonanın həmyerliləri oynayır. Ancaq bu, o demək deyil ki, bütün argentinalı futbolçular əladır. Buna görə də Leonu baxışa çağırdıq və onun bizə kömək olacağına əmin olduq. Biz hücuma meylli yarımmüdafiəçi mövqeyində futbolçu çox axtardıq və nəhayət, tapdıq. Behanın agentləri onu gətirəndə dərhal başa düşdüm ki, o, komandamızın taktikasına uyğundur.

- Legionerlərimiz 4 ölkəni təmsil edir. Onlarla necə ünsiyyət quracaqsınız?
- Futbolda hamı bir dildə danışır. Onu da yaddan çıxartmaq lazım deyil ki, hansısa ümumi sözləri hamı bilir. Özüm də legioner olmuşam, İranda oynamışam. “Qəbələ”də işlədiyim vaxtda legionerlərlə çox ünsiyyət qurmuşam.

- Mütəxəssislərin sözlərinə görə, “Qəbələ” rəhbərliyiniz altında müdafiə futboluna üstünlük verib. Bu, “Atırau”nun da sizinlə müdafiəyə bel bağlayacağı deməkdir?
- Sizə təlim-məşq toplanışında olanları danışım. Komanda yeni yığılanda, biz 6 gün məşq etdik, 7-ci gün Albaniyanın güclü klubu ilə yoxlama oyunu oldu. Bu, mənim üçün futbolçularla tanışlıq idi. Mən ciddi göstərişlər vermədim. Kimin nəyə qadir olduğunu görmək istəyirdik. 0:1 hesabı ilə uduzduq. Növbəti oyunumuz Azərbaycanın “Xəzər Lənkəran” klubu oldu. Güclü komandadır. Azarkeşlərimiz əmin idi ki, “Atırau” uduzacaq. Ancaq mən bu dəfə “Qəbələ”də olduğu kimi taktika qurdum. Biz müdafiəyə üstünlük verdik və bu, faydalı oldu – “Atırau” qələbə qazandı. İş ondadır ki, mən “Xəzər Lənkəran”ın imkanlarını, güclü və zəif tərəflərini yaxşı bilirəm. Ona görə demək istəyirəm ki, kiminlə oynayırsansa, hər şey taktikadan asılıdır. Hamı ilə eyni üslubda oynamaq olmaz.

- “Atırau”da legioner hücumçu yoxdur. Komandanızda oynayan hücumçular isə Qazaxıstanda qolçu sayılmır. Bu, sizi narahat etmir?
- Hücumçularımız məni tam qane edir. Həm Tatişev, həm də Aleynikov yaxşı hücumçulardır. Colçiyevə gəlincə, belə oyunçuları tapıb, onların istedadını inkişaf etdirmək lazımdır. Deyim ki, o, yaxın vaxtda Qazaxıstan yığmasına düşə bilər. Biz ona çox bel bağlayırıq. Açığı, mən heç vaxt ulduz futbolçularla işləməyi sevməmişəm. Axı bilirsiniz, Azərbaycana çox tanınmış futbolçular gəlir. Mənim daha çox xoşuma gələn futbolçunun komandamda inkişaf edib, ulduza çevrilməsidir.

- Qazaxıstanda Azərbaycanda olmayan 2 vacib qayda var. Birincisi legionerlərə yaş limiti, ikincisi isə 21 yaşdan böyük olmayan qazax futbolçuların mütləq oynamağıdır. Komandanı komplektləşdirəndə, bu qaydalar sizə mane olmadı?
- Dekabrın sonunda Qazaxıstana gəldiyim zaman mənə bu qaydalar haqda danışdılar. Biz az təəccübləndim. Ancaq mən gənc olanda da, bizdə yerli futbolçulara limit vardı. Bu, fayda verdi və çoxlu yaxşı futbolçularımız üzə çıxdı. Buna görə də bunu alqışlayıram. Legionerlərə gəlincə, bunu da düz fikirləşiblər. Yaşı 30-dan yuxarı legioner heç kimə lazım deyil.

- Qazaxıstan və Azərbaycan yığması bu il 2 dəfə görüşəcəklər. Siz komandalarımızı, oyunçularımızı iş başında görmüsünüz. Sizcə, indi hansı yığma güclüdür?
- Hər iki yığmanın güclü tərəflərinin olduğunu demişəm. Hərçənd futbolun səviyyəsi təxminən bərabərdir. Fikrimcə, Azərbaycan klubları daha güclüdür. Ancaq bu, legioner limitinin olmamağı ilə bağlıdır. Sadəcə, hər birinə pul ödəyib, mövsümə 10-15 legioner sifariş etmək olar. Ancaq eyni zamanda “Qarabağ” Avropada uğurlu oynadı, orada legionerlər azdır. Bu, Azərbaycan Premyer Liqasının səviyyəsinin artdığını sübut edir. Üstəlik, dövlət başçısı futbolu yaxından izləyir. O, 5 il öncə bununla bağlı xüsusi sərəncam imzaladı. Qazaxıstan yığmasını da görmüşəm. Dediyim ki, fiziki cəhətdən güclü kollektivdir. Qazaxıstan, yoxsa Azərbaycanın qalib gələcəyini bilmirəm. Mən hər iki komandaya azarkeşlik edəcəyəm. Qoy, güclü qalib gəlsin.

- Bu variant mümkündür ki, siz Qazaxıstan üzrə ekspert olaraq, oyun öncəsi Azərbaycan yığmasına məsləhətlər verəcəksiniz?
- Bu, mənə aid deyil. Azərbaycan yığmasının baş məşqçisi var, onun korpusunda çoxlu mütəxəssislər işləyir. Sirləri öyrənib, informasiya yığmaq – bu, onların işidir. Mən Berti Foqtsun köməkçisi deyiləm. O, məndən heç bir məsləhət almayacaq. “Mən “Atırau”nun baş məşqçisiyəm, Azərbaycan yığmasının seleksiyaçısı yox. Heç kimə heç nə məsləhət verməyə hazırlaşmıram.