Rusiya kubokunun qalibi futbolçumuzun nömrəsini götürdü
12.03.2011 - 12:34
Rusiya kubokunun qalibi futbolçumuzun nömrəsini götürdü
Rusiyanın “Anji” klubu Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovu yeni mövsüm üçün sifariş edib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçimiz Mahaçqala təmsilçisinin iştirak ərizəsində “40 nömrə”nin daşıyıcısı kimi göstərilib. Mahir millidə olduğu kimi, ötən mövsümdə “Anji”də də 4 nömrə altında oynayırdı. Ancaq bu yaxınlarda klubun rəsmi saytında Şükürovun 4 yox, 40 nömrəli futbolçu kimi göstərilməsinin şahidi olduq. Millimizin üzvü bunu öz istəyi, dəyişiklik olması ilə izah edib.

Mahirin 4 nömrəsi isə “Anji”nin son transferi Aleksey İqoninə qismət olub. 35 yaşlı futbolçu uzun illər “Zenit”də və “Saturn”da çıxışı ilə tanınıb, hər ikisində kapitan sarğısını da daşıyıb. Vaxtilə Rusiya yığmasında da oynayan İqoninin mükafatları arasında ən yüksəyi 1999-cu ildə “Zenit”lə ölkə kubokunu qazanmasıdır. O, “Anji”nin baş məşqçisi Hacı Hacıyevin rəhbərliyi altında “Saturn”da oynayıb.

Qeyd edək ki, uzun fasilədən sonra “Anji”yə qayıdan yığmamızın sabiq hücumçusu Şamil Lahiyalov 10 nömrəli formanı götürüb.