Ən yaxşı azərbaycanlı bombardir mövqeyini yaxşılaşdırdı
14.03.2011 - 15:50
Ən yaxşı azərbaycanlı bombardir mövqeyini yaxşılaşdırdı
Azərbaycan Premyer Liqasının bombardirlər siyahısında dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın və milli komandamızın futbolçusu Rauf Əliyev 3-cü yerə yüksəlib.

Gənc hücumçu Premyer Liqamızın son turunda “İnter”lə səfər oyununda 10-cu qolunu vuraraq, braziliyalı Junivan Suareslə litvalı Qvidas Yuşkanı arxada qoydu. Rauf hazırkı çempionatımızın ən çox qol vuran azərbaycanlı futbolçusu olması ilə öyünə bilər.

O, ötən ilin sonunda dubl etdiyi “Xəzər Lənkəran”la Lənkərandakı oyundan sonra məhsuldarlığı ilə diqqət çəkir. Təsadüfi deyil ki, Rauf 5 oyunda 5 dəfə rəqib qapısına yol tapmaqla, qollarının yarısını bu müddətdə vurub. İndi Əliyevə “Qarabağ”dakı gürcü komanda yoldaşı Georgi Adamiyaya çatmaq üçün cəmi 1 qol lazımdır.

Yeri gəlmişkən, bu iki hücumçunun cari mövsümdə tandemi çox yaxşı alınır. Belə olmasaydı, onlar cari mövsümdə bir sıra oyunlarda birgə qol vurmazdılar. Vurduğu qollarla “Qarabağ”a bu mövsümdə vacib qələbələr qazandıran Georgi ilə Rauf birgə 23 qol vurublar ki, bu da komandanın vurduğu qolların (32) 75 faizi deməkdir.

Qeyd edək ki, Rauf milli çempionatımızda 75 oyuna 18 qol vurub. Onun bir mövsümdə bu qədər qol vurmadığını nəzərə alsaq, karyerasının ən yaxşı dövrünü keçirir.

Azərbaycan Premyer Liqasının cari mövsümünün bombardirləri

1. Bahodir Nasimov ("Neftçi") - 15 qol
2. Georgi Adamiya ("Qarabağ") – 11
3. Rauf Əliyev ("Qarabağ") - 10
4. Junivan Suares ("Gəncə") - 9
5. Qvidas Yuska (AZAL) - 9
6. Deon Barton ("Qəbələ") - 8
7. Flavinyo (“Neftçi”) – 7
8. Jaba ("Bakı") - 6
9. Rəşad Abdullayev ("Neftçi") - 6
10. Uinston Parks ("Xəzər Lənkəran") - 6
11. Zohair Benouahi (AZAL) - 5
12. Baçana Sxadadze ("Simurq") - 5
13. Sabir Allahquliyev ("Gəncə") - 5
14. Emil Mpenza ("Neftçi") - 5

Mehman SÜLEYMANOV