Biabırçı bazar günü: Xaqani Məmmədov “mühasirəyə düşdü”
15.03.2011 - 14:05
Biabırçı bazar günü: Xaqani Məmmədov “mühasirəyə düşdü”
"Neftçi"ylə "Xəzər-Lənkəran" arasında keçirilən son oyunlardan sonra hakim səhvlərinin qabardılması təsadüfi deyilmiş. Xüsusilə, Bakıdakı oyuna Anar Salmanovun meydan sahiblərinin lehinə etdiyi xətalar hamının qəzəbinə səbəb olmuşdu. Düzdü, cavab qarşılaşmasından sonra da bəzi söz-söhbətlər ortaya çıxdı. Ancaq bunlar “Neftçi” rəsmilərinin bəraət qazanmaq və guya onlara da qarşı hakim səhvlərinin olmasını qabartmaq istədiyi bəllidi.

Ötən həftəsonu izlədiyimiz oyunlardan sonra isə hakimliyin futbolumuzda ciddi problem olduğu ortaya çıxdı. Aşağıda təkcə bazar günü qeydə alınan 4 səhvdən bəhs edəcəyik. Ancaq onlar elə səhvlərdi ki, "hakim də insandı, səhv edə bilər" və ya "təki qərəzli olmasın" deyimlərinə qətiyyən uyğun gəlmir. Sadalayacağımız səhvlərdən xüsusilə ikisi - birinci və sonuncu - yalnız "qərəzli" təyininə uyğun gəlir.

1. Həftənin əsas qəhrəmanı Əfqan Həmzəyevdi. Hamının "Neftçi"nin hakimi" kimi tanıdığı bu şəxs növbəti dəfə öz ampluasında idi və paytaxt klubu məhz onun sayəsində növbəti qələbəsini qazandı. "Bakı"yla oyunun 12-ci dəqiqəsində Həmzəyevin göz yumduğu epizod nəinki paytaxt derbisinin, ümumiyyətlə, çempionluq yarışının şəklini dəyişə bilərdi. Mirça Rednikin Bakıda ilk məğlubiyyətini aldığı AZAL - "Xəzər-Lənkəran" görüşündən sonra zirvədə möhkəmlənmək istəyən "Neftçi"yə qələbə hava-su kimi lazım idi. Matçın əvvəlində bəlkə də hazırda ölkəmizdə olan legionerlərin içərisində ən səviyyəlisi olan Flavinyonun fərdi bacarığı hesabına önə keçən “ağ-qaralar” tezliklə böyük zərbə almalıydı. "Bakı"nın hücumçusu Jaba 12-ci dəqiqədə təkbətək çıxarkən qapıçı Rauf Mehdiyev ona qarşı aşkar kobudluq etdi. Əfqan bəy tərəddüd etmədən penalti nöqtəsini göstərməli və sonuncu ümid foluna görə nominal qonaqların qapıçısını meydandan qovmalı idi. Ancaq Həmzəyev AFFA-nın cani-dildən çempion olması üçün çalışdığı sevimli komandasına qarşı belə sərt hərəkətə qol qoya bilməzdi. Sonucda nəticəyə təsir edən səhvə yol verən referi Aleksandr Starkovun ölkəmizdəki ilk məğlubiyyətinin səbəbkarı olmağı bacardı.

Matçdan sonra "Bakı" azarkeşlərinin hakimlər otağına hücumu, hakimin maşınına oturaraq aradan çıxması isə artıq heç nəyi dəyişmədi. Əsas odu ki, Həmzəyev tapşırıq verənlərin gözündə "işini vicdanla görən" birisi kimi ucaldı.

2. AZAL - "Xəzər-Lənkəran" oyununda nəticəni hakim müəyyən etmədi. AZAL birbaşa gərgin əməyinin bəhrəsini gördü. Ancaq "təyyarəçilər" o qələbə qolunu vurmasaydı, heç şübhəsiz, Rövşən Əhmədovu top tutacaqdı. Çünki hələ bunacan cənubluların qapısına aşkar penalti təyin olunmamışdı. Elvin Beqirinin Usim Ndukanı tutub yıxdığı epizodda Əhmədov və köməkçilərinin hara baxdığını başa düşmək olmur. Rövşən bəyin idarəçiliyindən digər əsas narazılıq isə həddən artıq çox fit çalması idi. Yeri gəldi-gəlmədi matçı dayandıran, hər epizoda görə oyunu saxlayan baş hakim oyunun tempini öldürürdü. Əsas hücumçusu Uinston Parkssız olduqca dişsiz görünən cənubluların xalsız qalmasında birbaşa Əhmədovun günahı yox idi. Ancaq o, AZAL-ın əməyini yerə vura bilərdi.

Söyüşü, zorakılığı heç vaxt təqdir etməmişəm. Bununla belə, zənnimcə, cənublu azarkeşlər hakimin ünvanına səsləndirilən təhqirlərdə haqlı idilər. Həmin söyüşlər AZAL-la görüşün nəticəsi deyildi. Lənkəranlılar "Neftçi" ilə ilk kubok oyunundan qalma borcu Anar Salmanova Rövşən bəyin vasitəsi ilə çatdırırdı. İstənilən halda bilin ki, Əhmədov bu matçda AZAL-ın əleyhinə kobud səhv etdi və son dəqiqələrdə vurulan qol olmasaydı, eyni təhqirlər bu dəfə meydan sahiblərinin azarkeşlərinin dilindən eşidiləcəkdi.

3. Əliyar Ağayevin etdikləri geniş ictimaiyyətin gözündən uzaq idi. MOİK - "Qəbələ" oyunu televiziya vasitəsilə yayınlanmırdı, həm də matç ikinci "altılıq" oyunu olduğundan elə də gərgin mübarizə vəd etmirdi. İlk hissəni normal idarə edən Əliyar bəy bütün hoqqaları fasilədən sonra etdi. Öncə top Ramin Tanrıverdiyevin əlinə dəyərkən MOİK-in qapısına penalti təyin etməyən Ağayev ardınca ardıcıl səhvlərlə vəziyyəti dramatikləşdirdi. Günahını yumaq üçün Deon Bartonun qol vurarkən əllə oynamasına göz yuman gənc referi tezliklə onu "zibilə salan" Tanrıverdiyevə də sərt cəza kəsdi: sarı vərəqəylə kifayətlənə biləcəyi halda "hərbçilər"in müdafiəçisini meydandan qovdu.

Ağayevin fasilədən sonrakı idarəçiliyi o qədər biabırçı idi ki, hətta ölkəmizə gələni kimsənin xətrinə dəyəcək bir kəlmə işlətməyən Toni Adams da bütün briqadanı söyməyi özünə rəva gördü. İndi hakimlərin növbəti səhvi buraxmayıb bu məqamı protokolda qeyd etdiyinə ümidliyik. O zaman onsuz da baş məşqçi kimi bir şey bacarmadığı çoxdan bəlli olan ingilisin AFFA tərəfindən cəzalandırılması qaçılmaz olacaq.

4. Birinci divizionda hakimlər elə hoqqadan çıxırlar ki, təkcə onların səhvləri üçün AFFA-da hər turdan sonra 5-6 saatlıq iclas keçirmək olar. Elə bu səbəbdən son vaxtlar aşağı dəstədə mərkəzi oyunlara təcrübəli hakimlər təyin olunur. Ancaq son turun "Rəvan" - "Bakılı" matçına təyin olunan Elçin Məmmədov sən demə, haqq-ədaləti qorumaq yox, birinciləri yıxmaq üçün göndərilibmiş.

Hələ ötən həftə hakim təyinatları açıqlananda Məmmədovun bu görüşə bilərəkdən təyin olunduğu haqda xəbəri sizə çatdırmışdıq. Belə ki, "Neftçi" İSM-i elitaya yüksəltmək üçün səfərbərlik elan edilib. Hər fürsətdə bu komandaya kömək göstərilir. Ancaq onların elitaya yüksəlməsinə ciddi əngəl olan klublar oyun planında üstün olduğundan başqa yollar düşünülür. "Abşeron" ehtiyatını vaxtında görüb çox uzaqlaşdığından hədəf ikinci vəsiqəyə əsas iddiaçı olan "Rəvan"dı.

"Bakılı"yla oyunda hesab açıldıqdan sonra Elçin bəy "Rəvan"ın lehinə bir neçə qərar verdi. Meydanın mərkəzində mübahisəli epizodlarda daha çox qonaqların əleyhinə fit çalan Məmmədov bununla özünü sığortalayırdı. Çünki bunadək o, əsas tapşırığı yerinə yetirmişdi. Bir gün öncə fikri digər iddialıları dayandırmaqda olan "Neftçi" İSM öz rəqibini unutmuş və bu səbəbdən "Şahdağ"a 1:5 hesabıyla yenilmişdi. Elə bu səbəbdən "Rəvan"ı da uzağa buraxmaq olmazdı və futzal üzrə FİFA referisi yuxarıdan gələn tapşırığı məharətlə yerinə yetirdi. O, hətta laynsmanların olmadığı halda belə baş hakimin görməli olduğu epizodda ofsaydı nəzərə almayıb, "Bakılı"nın hesabı açmasına şərait yaratdı.

Bəli, bu, yalnız bir günün hakim səhvlərinin xülasəsidi. İndi özünüz fikirləşin, futbolda qazanc götürməyin mümkünsüz olduğu bir yerdə ciblərində olanı top oyununun inkişafına, populyarlaşmasına xərcləyənləri belə bezdirmək olarmı? Axı, AFFA rəsmiləri başa düşməlidi ki, belə hakimlər azarkeşlərin, sponsorların əsəbləriylə oynayır, onların zəhmətini hədər edir. İllah ki, "Neftçi" çempion olmalıdı, "Neftçi" İSM elitaya yüksəlməlidi deyə futbolumuzu bazara çevirməyə dəyərmi?

Artıq camaatın da səbri qalmayıb. Elə bunun nəticəsidi ki, bazar günü AZAL - "Xəzər-Lənkəran" oyunu bitincə "Şəfa"dan əsl biabırçılığın yaşandığı Respublika stadionuna tələsən AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov çətin vəziyyətə düşdü. Qapıdan çıxarkən cənublu azarkeşlərin mühasirəsinə düşən Xaqani bəy təpiklənən maşınından düşüb etirazını bildirincə fanatlar da ona təpkisini əsəbi tonda göstərdi. Belədə qalmaqalın böyüməsinin qarşısını yaxınlıqda olan polislər aldı. Məmmədov bu dəfə ucuz qurtuldu. Ancaq belə biabırçı hakimlik davam edincə, daha pis olaylar yaşana, səhvli bazar günü qanlı bazar gününə çevrilə bilər.

FƏRİD, “Ekspressfutbol” qəzeti