“Qalatasaray”a Georgi Hacını qovmaq baha başa gələcək
15.03.2011 - 14:27
“Qalatasaray”a Georgi Hacını qovmaq baha başa gələcək
“Qalatasaray” klubuna rumıniyalı baş məşqçisi Georgi Hacını qovmaq baha başa gələcək. Apasport.az saytının məlumatına görə, rəhbərlik mövsümün gedişində sükanı arxasına gətirdiyi çalışdırıcını istefaya göndərərsə, ona təzminat verməli olacaq. Artıq bunun məbləği də açıqlanıb. Belə ki, Hacının işinə mövsümün axırında son veriləcəyi halda, rumıniyalı 1 illik pulu – 1 milyon 750 min avronu cibinə qoyaraq, futbolçu kimi böyük uğurlar qazandığı “Cim Bom”u tərk edəcək.

Hələ ki susmağı ən yaxşısı hesab edən rumıniyalı “Fənərbaxça” ilə martın 18-də keçiriləcək derbi oyunda sözünü demək fikrindədir. Belə ki, Hacı “Qalatasaray”ın əzəli rəqibinə qalib gələrək, başı uca getmək istəyir. “Cim Bom” yenə qalib gəlməyəcəyi halda, “Karpat Maradonası” rəhbərliklə görüşərək, istefa verə biləcəyini bildirəcək.