Valter Zenqa: Mirça Redniklə bağlı suala cavab verməyəcəyəm
15.03.2011 - 15:14
Valter Zenqa: Mirça Redniklə bağlı suala cavab verməyəcəyəm
İtaliya futbolunun əfsanəsi Valter Zenqa “Xəzər Lənkəran”ın rumıniyalı baş məşqçisi Mirça Redniki xatırlayıb. Apasport.az saytının məlumatına görə, 51 yaşlı mütəxəssis Rumıniya mətbuatına müsahibəsində bu ölkədə futbolun enişdə olmasından danışıb. “Nasional”, “Styaua” və “Dinamo”da çalışdığı vaxtlarda Rumıniya futbolunun yüksəlişdə olduğunu xatırlayan Zenqa indiki durumu müəyyən mənada məşqçi çatışmazlığı ilə bağlayıb: “Rumıniya futbolunun səviyyəsi o dərəcədə düşüb ki, oyunçu tapmaq da çətin işə çevrilib. Bu milli komandanın nəticələrində də əks olunur. Klublarda aparılan işlər haqda danışmaq mənasızdır. Bu, mənim, Kosmin Olaroyu, Mirça Luçesku və Mirça Rednikin artıq Rumıniyada çalışmamağı ilə nə dərəcədə bağlıdır? Bu suala cavab verməyəcəyəm. Yoxsa təvazökarlıqdan uzaq olmaqda ittiham olunaram. Ancaq o vaxt gördüyümüz işlərə həqiqətən ürək açılırdı. O vaxt UEFA kubokunun ¼ finalında “Rapid” və “Styaua” üz-üzə gəldi. Özü də mənim rəhbərlik etdiyim “Styaua”da cəmi 1 legioner var idi, qalanları rumıniyalılar idi”.

Qeyd edək ki, 3 dəfə dünyanın ən yaxşı qapıçısı seçilən, karyerasında çoxsaylı mükafatlar qazanan Zenqa baş məşqçi kimi 2005-ci ildə “Styaua” ilə Rumıniya çempionu olub.