“Mahir Şükürovun gedişinə etiraz etmədik”
15.03.2011 - 17:42
“Mahir Şükürovun gedişinə etiraz etmədik”
“Mahir Şükürovun Bakıya yollanmasına icazə vermişik. Azərbaycan milli komandasının meneceri İslam Abbasovla mütəmadi telefon danışığımız olur. Mahir hazırda zədə üzündən bizə kömək edə bilmir”. Bu fikirləri apasport.az saytına açıqlamasında Rusiyanın “Anji” komandasının rəisi Akim Arzumanov deyib.

Ötən ilin qışından “Anji”nin şərəfini qoruyan Mahir Şükürov zədə üzündən kənarda qalıb. Milli komandamızın baş məşqçisi Berti Foqts martın 29-da Belçika yığması ilə rəsmi oyuna çağırdığı Mahirin həmin səfər görüşünə kimi sağaltmağında maraqlıdır. Bu səbəbdən Foqtsun təşəbbüsü ilə Bakıya gələn Şükürovun “Neftçi”nin düşərgəsində məşq etməsi haqda müraciətə müsbət cavab verilib.

Arzumanov Şükürovun Türkmənistandan zədəli qayıtdığını bildirib: “Bildiyiniz kimi, Mahir son hazırlığımız zamanı Aşqabadda beynəlxalq turnirə yollanmışdı. O, həmin vaxt zədələnib, sağ ombasında əzələsini dartıb. Şükürov bundan sonra əsas komandamızdan ayrı düşərək, bir müddət Mahaçqalada müalicə olundu. Düzdür, orada şərait vardı. Ancaq Mahirin zədəsinin sağalması mövsümün startına kimi yetişmirdi. Həkimlərin rəyinə görə, o, ən azı 2 həftəlik kurs keçib, məşqlərə başlamalı idi”.

“Anji” rəsmisinin sözlərinə görə, atılan addım millimizin maraqları naminə olub: “Üstəlik, yığmanızın qarşıda rəsmi oyunu var və onun maraqlarını düşünürük. Yəqin ki, Bakıdakı şərait daha yaxşıdır, Mahirin orada həkimi olduğundan, müayinə olunmaq, hazırlıq keçmək daha münasib idi. Mahirin tezliklə sağalması üçün bütün resursların cəlb olunması lazım idi və biz də buna imkan yaratmışıq. Bu mənada Şükürovun gedişinə etiraz etmədik”.

Mahirin gələcək taleyi ilə bağlı danışmaqda çətinlik çəkən “Anji”nin rəsmisi səlahiyyətinə aid olmayan məsələlərə toxunmaq istəmədi: “Hər şey Mahirin durumundan asılı olacaq. Əlbəttə, biz futbolçumuzun hazır vəziyyətdə olmasını istəyirik”.

Mehman SÜLEYMANOV