Arif Əsədov: Bu mənada Mahirin “Neftçi”yə gəlişi labüd idi
15.03.2011 - 18:29
Arif Əsədov: Bu mənada Mahirin “Neftçi”yə gəlişi labüd idi
“Mahir Şükürovun “Neftçi”yə transfer olunacağı ilə bir şey deyə bilmərəm. Çünki indi belə bir söhbət yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib. Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov bu gün “ağ-qaralar”ın düşərgəsində yer alıb. Bunun təşəbbüskarı olan millimizin baş məşqçisi Berti Foqts Belçika yığması ilə səfər oyununa çağırdığı Rusiyanın “Anji” klubunun yarımmüdafiəçisinin zədəsini tezliklə sağalaraq, formada olmasında maraqlıdır. Ancaq Mahirin işləri yaxşı getmədiyi klubundan birdəfəlik ayrılaraq, “Neftçi”yə keçəcəyi gözlənilir. Təbii ki, indi “transfer pəncərəsi” bağlı olduğundan, bu, ən yaxşı halda, mövsüm bitəndən sonra olacaq.

Hadisələri qabaqlamaq istəməyən “Neftçi”nin çalışdırıcısı Şükürovun gəlişinin millimizin maraqları naminə olduğunu bildirib: “İndi elə vaxt deyil ki, yeni futbolçunun transferi haqda danışaq. Mahir “Anji”nin futbolçusudur, müqavilə ilə bu kluba məxsusdur. Onun düşərgəmizdə məşq etməsini istədilər, biz də buna razılıq verdik. Ancaq Foqts mənimlə bir neçə gün öncəki görüşündə bunu təklif etməmişdi. Bu variant sonradan yarandı və biz də bunu müsbət cavabladıq. Görünür, Foqts onunla söhbətimizdə, proqramımızla tanış olduqdan sonra Mahirin burada hazırlıq keçməsinin daha yaxşı olduğunu sayıb. Bu, danışığımızın müsbət əlaməti idi”.

Əsədov həkimlərinin Mahiri müayinə etdiyini söyləyib: “Biri var ki, futbolçu zədədən sonra tək məşq edə, biri də var komanda ilə. Bu zaman boşluq yaranmır, futbolçunun hazırlığına nəzarət olur və daha effektli alınır. Bu mənada Şükürovun “Neftçi”yə gəlişi labüd idi. Üstəlik, təcrübəli həkimlərimiz Boris Xetaqurovla Tofiq Qasımov yığmaya bağlı olanlardır. Onlar Mahiri müayinə etdikdən sonra məşq edə bilməsi, yüklənməyə hazır olmağı ilə bağlı qərar verdilər. Futbolçunun çağırdığı Belçika ilə rəsmi oyuna qədər formaya düşməsi yaxşı olardı və biz də buna çalışırıq”.

Şükürov daha bir neçə gün “Neftçi”nin düşərgəsində yer alaraq, martın 19-da millinin heyətində Almaniya, ardından Belçikaya təlim-məşq toplanışına yollanacaq: “Mahir bu gün bizimlə tam məşq etdi, sabah da çalışmamızda iştirak edəcək. Bundan sonra “Xəzər Lənkəran”la oyuna görə Lənkərana yollanırıq. Bizdə də zədədən yeni qayıdan futbolçular var. Buna misal olaraq Amit Quluzadəni göstərmək olar. Onlar üçün xüsusi proqram hazırlanıb və Mahir də buna əsasən bərpa prosesi keçəcək. İndi futbolçunun fiziki hazırlığı vacibdir ki, bizdə bu işlərə məsul türkiyəli məşqçimiz Mehmet Akla onunla çalışır. İndi elə dövrdür ki, daha çox taktiki hazırlıq üzərində işləyirik. Mahir məşqdən sonra qalıb, çalışır. Biz ona əlavə tapşırıqlar vermişik”.

Qeyd edək ki, Mahir 2006/07 mövsümündə oynadığı “Neftçi”nin heyətində çempionatımızın gümüş medalını qazanıb.

Mehman SÜLEYMANOV