“Sxadadzeni qınamıram”
17.03.2011 - 13:36
“Sxadadzeni qınamıram”
“Artıq 4 turdur meydana çıxıram. Bu, mənim üçün sevindirici haldır. İndiki məqamda oynayıb, təcrübəmi artırmalıyam. Elə buna görə də MOİK-ə getdim. “İnter”də Georgi Lomaya, Dmitri Kramarenko kimi təcrübəli qapıçılar var”. Bu sözləri apasport.az saytına açıqlamasında icarə əsasında MOİK-in qapısını qoruyan Səlahət Ağayev deyib.

Müqavilə ilə “İnter”ə məxsus Ağayev bir ara Berti Foqts tərəfindən əsas yığmaya dəvət edilsə də, sonra kölgədə qaldı. Bu da onun oyun təcrübəsi baxımından axsaması ilə bağlı idi. Çünki 21 yaşlı qapıçı öz klubunda meydana çıxmırdı. Ən yaxşı halda, əvəzedicilərin matçında gücünü sınayırdı. Oyun təcrübəsini artırmaq üçün qapıçı qışda MOİK-ə icarəyə verildi. Artıq Səlahət Premyer Liqada mütəmadi oyunlar keçirməyə başlayıb: “İnter”dəki qapıçıların hər ikisi təcrübəlidirlər. Düşünmürəm ki, Sxadadze onları qoyub, mənə şans versin. Sözün düzü, mən Sxadadzeni qınamıram. Çempionluğa oynayan komandadır. Rəhbərlik qarşılarına şans qoyub ki, nəticə verin. Ona görə MOİK-də oynamaq mənim üçün şansdır. Sxadadze mənə deyir ki, oyna, təcrübəni artır”.

Qeyd edək ki, U-21-in də formasını geyinən qapıçı “İnter”in heyətində məşq etsə də, oyuna 2 gün qalmış MOİK-in düşərgəsinə yollanır.