AFFA 5 klubu cəzalandırdı
23.03.2011 - 12:42
AFFA 5 klubu cəzalandırdı
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Premyer liqasının XXIV turunun oyunlarında baş verənlər də müzakirə olunub və 5 klub cəzalandırılıb.
“Muğan” – “Qəbələ” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində Nodar Məmmədovun başla rəqibə zərbə vuraraq birbaşa qırmızı vərəqə alması isə “Qəbələ”yə 4000 manata başa gəlib. Müdafiəçinin özü isə 4 oyun “istirahət edəcək”.

“Xəzər Lənkəran” – “Neftçi” görüşündə meydan sahiblərinin 4, qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalanıb. Buna görə klubların hərəsi 1000 manat ziyana düşüb. Oyunun 22-ci dəqiqəsində “Xəzər Lənkəran”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub daha 2000 manat ödəyəcək.

“Qarabağ” – AZAL matçında da qonaqlar sarı vərəqə limitini aşmağın güdazına gedib. 4 futbolçusu sarı vərəqə ilə cəzalanan bakılılar 1000 manat cərimə olunub.

“Gəncə” – “Simurq” oyununun 87-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan Ceyhun Sultanov meydan sahiblərini 200 manat xərcə salıb. Yarımmüdafiəçi özü növbəti turu buraxmalı olacaq. Oyunun 87-ci dəqiqəsində “Gəncə”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat ödəyəcək.