“Azərbaycanla oyunda fərqli Belçika yığması görə bilərsiniz”
23.03.2011 - 17:56
“Azərbaycanla oyunda fərqli Belçika yığması görə bilərsiniz”
“Avstriya ilə oyundan sonra komandada dəyişikliklər mümkündür. Azərbaycanla oyunda ola bilər ki, fərqli Belçika yığması görəsiniz”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika milli komandasının baş məşqçisi Jorj Leekens deyib.

Təcrübəli mütəxəssis Avro-2012-nin qarşıdakı 2 seçmə oyununda güvənəcəyi heyətin fərqli ola biləcəyini açıqlayıb. O, martın 25-də Avstriya ilə səfər matçında yer almayacaq oyunçuların 4 gün sonra Azərbaycan milli komandası ilə ev qarşılaşmasında şans qazanacağından danışıb: “Kimin Azərbaycanla oynamağa layiq olduğunu yalnız mən bilirəm. Maruan Fellaini, Tomas Vermalen kimi futbolçular cümə günü komandamıza köpmək etməyəcək. Lakin bu o demək deyil ki, onlar Azərbaycanla matçda da kənarda qalacaq. Oyunçular həmişə rəqabəti hiss etməlidirlər. “Çelsi”də Anelka, Droqba kimi futbolçuların da ehtiyatda qaldığını görmüşük”.

Qeyd edək ki, Belçika – Azərbaycan oyunu martın 29-da Brüsseldə keçiriləcək.