Yığmamız afrikalıları məğlub etdi
25.03.2011 - 09:51
Yığmamız afrikalıları məğlub etdi
İspaniyanın Marbelya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri Qvineya yığması ilə görüşdə qüvvəsini sınayıb. Marbelya İdman Mərkəzində keçirilən qarşılaşma 1:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. 62-ci dəqiqədə Tural İsgəndərov penalti zərbəsini dəqiq yerinə yetirib. Yığmamız hesabda önə keçdikdən təxminən 10 dəqiqə sonra afrikalı futbolçular 11 metrlik cərimə zərbəsi vurmaq hüququ qazanıb. Yığmamızın qapıçısı Osman Umarov penalti zərbəsini dəf edərək hesabın dəyişməsinə imkan verməyib.

Azərbaycan U-21 – Qvineya U-21 oyunu www.affatv.az saytında test olaraq canlı yayımlanıb.

Yığmamızın martın 26-da, Bakı vaxtı ilə saat 17:30-da, Marbelya İdman Mərkəzində “UD Marbelya” komandası ilə keçirəcəyi yoldaşlıq oyunu da www.affatv.az saytında test olaraq canlı yayımlanacaq.

Mənbə: affa.az