Jorj Leekens 6-cı hissdən danışdı: Bu, Azərbaycanla oyuna da aiddir
25.03.2011 - 11:48
Jorj Leekens 6-cı hissdən danışdı: Bu, Azərbaycanla oyuna da aiddir
“Biz bütün oyunlara qələbə üçün çıxırıq. Bu, Avstriya və Azərbaycanla oyunlara da aiddir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Belçika milli komandasının baş məşqçisi Jorj Leekens deyib.

Təcrübəli mütəxəssis Avro-2012-nin seçmə mərhələsinin bu gün Avstriya ilə səfərdə, martın 29-da Azərbaycanla evdə keçiriləcək oyunları ərəfəsində çətin duruma düşüb. Lakin Leekens zədəlilərin gündən-günə artmasından gileylənsə də inamını itirmir: “Avstriya ilə oyunda qapını Simon Minoleyə tapşıracağam. İngiltərənin “Sanderlend” klubunun üzvü gənc və seçmə mərhələnin debütantı olsa da, Silvio Protonun zədələnməsindən sonra buna məcburam. Düzdür, daha təcrübəli olan Jiye bizə çox kömək edib. Lakin 6-cı hissim Minoleyə güvənməyimi deyir”.

Leekens bildirib ki, son məşqdə sol baldırının əzələsini dartan Tobi Alderveyreld də qarşıdakı oyunların heç birində komandasına kömək edə bilməyəcək. Zədəsi ciddi olmadığı açıqlanan Romelu Lukakunun isə yenə ağrılardan əziyyət çəkməsi baş məşqçinin onunla bağlı qərarını növbəti dəfə dəyişməsinə səbəb olub. Belə ki, “Anderlext”in hücumçusu da qarşıdakı matçlardan kənar qalacaq.
0